Alış-verişə yollanan kim, gözəllik salonları və bərbərxanalarda növbə gözləyən kim. Fəaliyyətinə bu gündən etibarən icazə verilən yerlərdə, xüsusilə, geyim, kosmetik vasitələr satılan mağazalarda, həmçinin, gözəllik salonları və bərbərxanalarda sıxlıq müşahidə olunub. Bircə muzeylərdə seyrəklik idi. Hətta, çəkiliş apardığımız müddətdə xalça muzeyində 1 nəfər də olsa, ziyaraətçi yox idi.
Kimi mağazalara yeni paltar alış-verişinə, kimi də gözəlləşmək üçün gözəllik salonları və bərbərxanalara yollandı. Paytaxt Bakıda bu gün əməlli-başlı canlanma hiss olunurdu.
Mağazalar kimi, uzun müddət bağlı qalan gözəllik salonları və bərbərxanalarda da bu gün sıxlıq müşahidə olunub. Əksər müştərilər öncədən yazıldığı üçün stilist və bərbərlər səhər saatlarından iş başında olublar.
Bu gündən fəaliyyətinə icazə verilən yerlər içərisində sərgi salonları və muzeylər də var.
Qeyd edək ki, minik avtomobilləri ilə şəhərlərarası və rayonlararası hərəkət də bu gündən bərpa edilib.