Xəzər Xəbər

Bakıda 180 ailənin yaşadığı binaya istilik verilmir - Səbəb nədir? - VİDEO

Veb TV | 19:54 • 30 Noyabr 2020
Bakıda 180 ailənin yaşadığı binaya istilik verilmir -

Bakıda 180 ailənin yaşadığı binaya istilik verilmir. Havalar getdikcə soyuduğundan burada yaşayan sakinlər əməlli-başlı əziyyət çəkir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Xətai rayonu, General Şıxlinski küçəsi, 1b ünvanından gedır.

Sakinlər deyirlər ki, onların binası mənzil tikinti kooperativinə məxsusdur. Buna görə də bina daxilində çürüyən və yararsız hala düşən istilik sistemlərini öz vəsaitləri hesabına yeniləyiblər. Üstəlik, həmin sistemlərin binadan çıxışını təmin edib, mərkəzi istilik sisteminə qoşulması üçün şərait yaradıblar. Buna baxmayaraq, "Azəristiliktəchizat'' Açıq Səhmdar Cəmiyyəti mərkəzi istilik kamerasından onların binasına qədər olan məsafədə istilik borularını çəkmir. Sakinlər iddia edirlər ki, mərkəzi borudan binanın girişinə istiliyin çəkilməsi aidiyyatı qurum tərəfindən həyata keçirilməlidir. Bu problemin həll edilməməsi isə soyuq günlərdə sakinləri istiliksiz qoyub, onları əzab-əziyyətə salır.

"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, sözügedən bina mənzil tikinti kooperativinə məxsus olduğu üçün binadan mərkəzi istilik kamerasına qədər olan hissədə boruların çəkilməsi də həmin şirkətin üzərinə düşür.

O da bildirilib ki, mənzil-tikinti kooperativinə məxsus binaların istilik təchizatı ilə bağlı dövlət vəsaiti nəzərdə tutulmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti