Xəzər Xəbər

Koronavirus xəstələrini müalicə edən həkim: Bunun bir sonu, sərhədi yoxdur

Cəmiyyət | 16:55 • 24 Noyabr 2020
Koronavirus xəstələrini müalicə edən həkim:

COVID-19 ilə mübarizəyə qoşulan onkoloq-mamoloq Kəmalə Axundova bölgələrdə koronavirus infeksiyasına yoluxmuş xəstələrin vəziyyəti və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında aparılan müalicə prosesi ilə bağlı müşahidələrini "media.az”la bölüşüb.


XəzərXəbər həmin müsahibəni təqdim edir:


- Mövcud vəziyyət yayda gördüyünüz durumdan nə ilə fərqlənir?


- Fərq var. Statistikaya baxın - hər gün üç mindən çox yeni koronavirus xəstəsi qeydə alınır. Vəziyyət kritikdir. Xəstəxanalarda çarpayı və həkim çatışmazlığı var. Burada həm iş şəraiti çətindir, həm də xəstələrin vəziyyəti ağırdır. Bakıda biz gündə səkkiz saat növbəli şəraitdə işləyirdik, bu nisbətən asan idi. İndi vəziyyət tamamilə fərqlidir və gündə 12 saat işləyirik. Gündüz və ya gecə növbəsində.


Növbədə yalnız bir həkim işləyir, ona görə də növbədə olarkən bir qurtum su içmək imkanımız belə olmur. Əgər çox susamısınızsa, o zaman "çirkli” zonadan çıxarkən qoruyucu kostyumuzu çıxartmalı, başqa korpusa keçməli, yemək otağının yerləşdiyi "təmiz” sahəyə getməlisiniz və geri qayıtdıqda növbəti dəfə qoruyucu kostyumu geyinməlisiniz. Ancaq heç bir həkim bir stəkan çay içmək üçün xəstələri uzun müddət nəzarətsiz qoymaz. Bu kiminsə həyatı bahasına başa gələ bilər. Beləliklə, yeməksiz və susuz dözmək məcburiyyətində qalırsan.


Pandemiyadan əvvəl bura müxtəlif xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuş adi rayon xəstəxanası idi. İndi bütün şöbələrdə koronavirus xəstələri müalicə olunur. Ən ağır xəstələr reanimasiyada, reanimasiyanı tərk edənlər keçmiş doğum şöbəsində, cərrahi şöbədə isə orta dərəcəli xəstələr müalicə olunur. Hazırda mən cərrahiyyə şöbəsində çalışıram. Şöbədə yeganə həkim olmaq həm fiziki, həm də mənəvi baxımdan çox çətindir. Bu, çox böyük məsuliyyətdir.


- Xəstəxanada həkim çatışmazlığı nə ilə əlaqədardır?


- Bir çox həkim buraya gəlməkdən imtina edir, yoluxmaqdan qorxurlar.


- Hazırda xəstəxanada neçə xəstə var?


- Bu günə təxminən 200 xəstəmiz var, onlardan doqquzu ağır vəziyyətdədir, süni ağciyər ventilyasiyası funksiyasını yerinə yetirən bir aparata bağlıdırlar. 


44 nəfər orta dərəcəli xəstə hesab olunur. Bunlardan 30 nəfəri Bobrov aparatına bağlı oksigen maskalarından nəfəs alır. Aparat ağciyərləri nəmlənmiş oksigenlə zənginləşdirərək koronavirus infeksiyasının müalicəsində kömək edir.


Ən çox xəstə reanimasiyadan sonra yerləşdirilən şöbədədir – 40 nəfər. Mənim şöbəmdə 30-dan çox orta ağır xəstə, digər şöbələrdə isə təxminən 20 nəfər var. Onların xəstəlikləri nisbətən asan keçir. Qəbul şöbəsində təxminən 15 nəfər yer gözləyir. Çox vaxt xəstələr elə bir kritik vəziyyətdə daxil olurlar ki, artıq onlara kömək etməyə vaxtımız qalmır.


Niyə xəstələr bu qədər ağır vəziyyətdə xəstəxanaya daxil olur?


Bir çoxu evdə özünü müalicə ilə məşğul olur. Artıq boğulmağa başlayanda həkimlərə müraciət edirlər. Məhz bu səbəbdən ölüm sayı çoxdur. Bizim xəstəxanaya Salyandan, Masallıdan, Lənkərandan xəstələr gətirilir


Müalicə prosesinin təşkilində Cəlilabaddakı xəstəxana ilə yayda çalışdığınız Bakıdakı modul tipli xəstəxana arasında köklü fərq varmı?


Birincisi, dərman paylanmasında fərq var. Əvvəllər baş tibb bacıları xəstələrin sayına görə dərmanları paylayırdı. Burada həkim hər səhər müalicənin aparılması üçün lazım olan dərmanların siyahısı ilə aptekə sorğu göndərir. Hər iki-üç gündə bir çox sayda dərman xəstəxanaya çatdırılır. Həkimlər dərmanların xəstələr arasında düzgün şəkildə bölüşdürülməsinə nəzarət edirlər. Bu şəkildə işləmək daha asandır. Bu sistem ona yönəlib ki, müalicə alan xəstələrin hamısına dərman çatsın.


Baş həkimimiz çox məsuliyyətli insandır. Burada hər şey öz qaydasındadır, nizam-intizam, təmizlik, yemək və müalicənin dəqiq təşkili təmin edilib, xəstəxana təhlükəli və təhlükəsiz zonalara bölünməsinə ciddi nəzarət olunur. Baş həkim hər pasiyentin xəstəxanadan buraxılmasına nəzarət edir. Xəstə onun icazəsi və fərdi müayinəsi olmadan evə buraxılmır. Hər iki saatdan bir ona hər xəstənin vəziyyəti barədə hesabat göndəririk, hər yarım saatdan bir ağır xəstələrin vəziyyəti barədə məlumat veririk.


Yay dövrü ilə müqayisədə daha bir əhəmiyyətli fərq bizim heç bir xəstəni qəbuldan kənarda saxlamamağımızdır. Xəstəliyə yoluxanlar qəbul şöbəsində gözləyir, biz hamı üçün çarpayı tapırıq. Çalışırıq ki, ağır xəstələr müalicədən kənarda qalmasın.


Oxucularımıza nə demək istərdiniz?


Bilirsiniz, belə bir hiss var ki, bunun bir sonu, sərhədi yoxdur. Bütün bunların nə vaxt bitəcəyini bilmirəm. Ancaq ən dəhşətlisi budur ki, koronavirus təhlükəsinə inanmayan, maska ​​taxmayan, özünə qorumayan insanlar var...

Xəbər lenti