Xəzər Xəbər

"Murov Qartalı" Raquf Orucovun xanımı "Xəzər Xəbər"ə danışdı VİDEO

Veb TV | 12:18 • 29 Sentyabr 2020
"Murov Qartalı" Raquf Orucovun xanımı "Xəzər Xəbər"ə danışdı

"Murov zirvəsi"nin işğaldan azad olunması xəbərini eşidəndə ağlımıza ilk gələn "Murov Qartalı" ləqəbli şəhid polkovnik Raquf Orucov oldu. Azərbaycan ordusunun əfsanəvi kəşfiyyatçısı, polkovnik leytenant Raquf Orucov yaddaşlarda düşmən arxasında uğurla həyata keçirdiyi xüsusi əhəmiyyətli əməliyyatları ilə yanaşı, Murov dağdakı qəhrəmanlıqları ilə qalıb. O, həm də Azərbaycan ordusunun polkovnik rütbəsində şəhid olan ilk zabitidir. Əməkdaşlarımızbu gün Murov Qartalının ailəsində olublar.

 

Şəhidlik ona anadan keçib. 1993-cü ilin yayında ermənilər Ağdamın Cinli kəndinə hücum edərkən anası Raya xanım şəhid olur və meyiti atəş zolağında qalır. O vaxt Raquf Orucov Abdal-Gülablı istiqamətində gedən döyüşlərdə iştirak edirdi. Xəbəri eşidən kimi gəlir və gecə təkbaşına anasının meyitini atəş zolağından çıxarır. Anası Çulluda dəfn olunur, yeddisi çıxmamış Çullu, qırxı çıxmamış isə Ağdam alınır.

 

Xanımı deyir ki, o, şad xəbəri canlı yayımda eşidib. "Bir anlıq elə bildim, yuxu görürəm, çünki Raquf o zirvələr üçün 8 il vuruşmuşdu. Elə ilk övladımız da Murovun o qarlı-şaxtalı zirvəsində dünyaya gəlmişdi",- deyir Sevinc Orucova..

 

"Murov yüksəklikdir" deyir Sevinc Orucova. Zirvədir və Azərbaycan əsgərinə, Azərbaycan ordusuna məhz zirvələr yaraşır. O deyir ki, ordumuzun bu torpaqlar uğrunda şəhid düşən bütün qəhrəmanların qisasını alacağına inanır.

 

Biz də inanırıq, Sevinc xanım. Evində oyuncağı əsgər fiquru olan şəhid balasının, öz oğlunu, balasını, həyat yoldaşını bu Vətən uğrunda şəhid verən bütün anaların, xanımların inandığı kimi inanırıq. Azərbaycan əsgəri qalib gələcək!


Xəbər lenti