Xəzər Xəbər

İlham Əliyev Azərbaycanın Ermənistan qarşısında şərtini AÇIQLAYIB

Gündəm | 10:06 • 25 Sentyabr 2020
İlham Əliyev Azərbaycanın Ermənistan qarşısında şərtini AÇIQLAYIB

BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın təxribatları barədə geniş danışıb. 


XəzərXəbər xəbər verir ki, Prezident İlham Əliyev Ermənistanın bu ilin martın 30-da Azərbaycanın işğal altındakı torpaqlarında qondarma seçki keçirdiyini xatırladıb. 


İlham Əliyev Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməsinin regional sülhə və təhlükəsizliyə təhdid olduğunu bildirib.


"Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesini pozmağa cəhd edir. Ermənistan status-kvonu saxlamaq və işğal edilmiş torpaqların ilhaqını həyata keçirmək istəyir. Ermənistanın baş naziri qəsdən danışıqlar prosesinin formatını və mahiyyətini dəyişmək istəyir. Onun "Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesi üçün ciddi zərbədir”, - deyə İlham Əliyev əlavə edib. 


Prezident Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı 7 şərt irəli sürməsinin qəbuledilməz olduğunu da diqqətə çatdırıb: "Onun 7 şərti bizim tərəfimizdən rədd edilib. Bizim yalnız bir şərtimiz var - sülhə nail olmaq. Bunun üçün isə Ermənistan qoşunları Azərbaycanın işğal altındakı bütün torpaqlarından çıxarılmalıdır”. 


Prezident İlham Əliyev bildirib ki, Ermənistan müdafiə naziri "yeni ərazilər üçün yeni müharibə” barədə məlumat verib: 


"Ermənistan həm də Azərbaycanın əsas şəhərlərini, sivil infrastruktur obyektlərini – Mingəçevir Su Anbarını və Səngəçal terminalını təhdid edir. Səngəçal dünyanın ən böyük neft-qaz terminallarından biridir, Bakının yaxınlığında yerləşir, 10-larla ölkənin enerji təhlükəsizliyini təmin edir”. 


Prezident onu da bildirib ki, Ermənistan müxtəlif ölkələrdən yığdığı muzdluları və terrorçuları Azərbaycana qarşı istifadə edir. 


"Ermənistan bu gün terrorçuluğun sponsorudur”, - deyə İlham Əliyev əlavə edib. 

Xəbər lenti