Xəzər Xəbər

İyulun 2-3-də 28 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək

Cəmiyyət | 16:21 • 30 İyun 2020
İyulun 2-3-də 28 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2-3 iyul tarixlərində ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.


DİM-dən xezerxeber.az-a verilən məlumata görə, imtahanlar respublikanın 28 şəhər və rayonunda baş tutacaq. İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.


Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.


İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.


Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:


- İmtahana buraxılış vərəqəsi;


- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);


- Şəxsiyyəti təsdiq edən sənədin əsli:


a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;


b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;


- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) "İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından iyunun 26-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.


İmtahanlar 2 və 3 iyul tarixlərində respublikanın 28 şəhər və rayonunda keçiriləcək.


Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 138 imtahan binası, 2345 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 138 ümumi imtahan rəhbəri, 374 imtahan rəhbəri, 3055 nəzarətçi–müəllim, 276 buraxılışı təşkil edən əməkdaş, 138 bina nümayəndəsi ayrılıb.


İyulun 2-də keçiriləcək imtahanlarda 13450, iyulun 3-də keçiriləcək imtahanlarda isə 15526 nəfər olmaqla, ümumilikdə 28976 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.


Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.


Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.


Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə imtahan günündən 2 gün əvvəl də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.


Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.


İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

Xəbər lenti