Ötən gecədən başlayaraq səhərədək İsmayıllı rayonunda güclü küləklə müşahidə edilən leysan yağışı yağıb.Yağışdan
sonra əmələ gələn sel suları və külək təsərrüfatın ayrı-ayrı sahələrinə
ziyan vurub. Təbii fəlakət zamanı İsmayıllı şəhərində və kəndlərdə
sosial obyektlərin dam örtüyü qopub, meyvə ağacları, elektrik dirəkləri
aşıb, meyvə-tərəvəz və taxıl tələf olub.
Rayonda elektrik naqilləri qırılıb, əhaliyə elektrik enerjisinin
verilişi dayanıb. Küləyin təsiri nəticəsində dam örtüyü dağılan evlər və
içəridəki əşyalar yağış suyunun altında qalıb. Ümumilikdə rayonun 60
kəndinə elektrik enerjisinin verilişi dayanıb. Həmçinin, 7 kəndi təbii
qazla təmin edən magistral qaz borusunun Ax-Ox çayı üzərindən keçən
hissəsi selin təsiri nəticəsində qırılıb, əhalinin qaz təchizatı
dayanıb. Hal-hazırda rayonda güclü yağış yağdığı üçün qaz xəttini bərpa
etmək mümkün olmur.
Bundan əlavə, ötən gecə çobanlar iri və
xırdabuynuzlu heyvanları Girdiman çayından keçirərkən qəflətən gələn
güclü sel nəticəsində heyvanların bir qismi tələf olub. Dörd çoban,
"QAZ-66” markalı minik maşını və 600-ə yaxın qoyun və inək çayın
ortasındakı boş torpaq sahəsində köməksiz vəziyyətdə qalıb. Gecə
saatlarında İsmayıllı
rayon fövqəladə hallar komissiyası və rayon polis şöbəsinin əməkdaşları
tərəfindən həmin ərazi nəzarətə götürülüb. Əraziyə texnika və canlı
qüvvə cəlb edilib, hazırda insanların və mal-qaranın xilas edilməsi ilə
bağlı işlər aparılır. Təbii fəlakət zamanı rayona dəyən ziyanın miqdarı
hələlik dəqiq bilinmir. Araşdırma aparılır. (APA)