Xəzər Xəbər

Mühərrikləri Şimali Koreyaya Rusiya çatdırıb? ŞOK İDDİA

Dünya | 14:07 • 16 Avqust 2017
Mühərrikləri Şimali Koreyaya Rusiya çatdırıb?

Koreya Xalq Demokratik Respublikasına (KXDR) çatdırılan raket kompleksləri ətrafında yaranan qalmaqal böyüməkdədir.

"Ukrinform” agentliyi xəbər verir ki, Kiyev Ukrayna raket mühərriklərinin KXDR-ə ötürülməsində Rusiyanı ittiham edib.

Ukrayna Dövlət Kosmik Agentliyinin sədrinin vəzifələrini icra edən Yuri Radçenko brifinqin gedişatında bildirib ki, Rusiya mütəxəssisləri "Siklon-2” və "Siklon-3” raketlərini sökərək onların içində olan Ukrayna istehsalı raket mühərriklərini Şimali Koreyaya çatdıra bilərdi.

"Operativ informasiyaya görə, Rusiya hazırda "Siklon-2” və "Siklon-3” raketlərinə malikdir. Onlarda RD-250 mühərrikləri var. Rusiya və Şimali Koreya arasındakı əməkdaşlıq münasibətlərini nəzərə alaraq istisna edilmir ki, rusiyalılar bu raketləri Pxenyana çatdıra bilər”, - Radçenko bildirib.

Xatırladaq ki, Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun eksperti Maykl Yellemanın analizinə istinadən "New York Times” nəşrinin 3 gün əvvəl yazdığına görə, Şimali Koreya qitələrarası raketlərin müvəffəqiyyətli sınaqlarını Ukraynada istehsal edilmiş güclü raket mühərriklərinin qara bazar vasitəsilə alınması nəticəsində keçirə bilib.

Analitiklər Şimali Koreya lideri Kim Çen Inın raket mühərriklərinə baxış keçirdiyini göstərən fotonu analiz ediblər. Onlar belə nəticəyə gəliblər ki, bu mühərriklər nə vaxtsa SSRİ-nin raket donanmasında istifadə olunan raketlərə oxşardır.

Belə mühərriklərin istehsalı keçmiş SSRİ ərazisində yalnız bir neçə zavodda həyata keçirilirdi. ABŞ ekspertləri və hökumət müstəntiqləri öz diqqətini Ukraynanın "Yujmaş” zavodu üzərinə cəmləyiblər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov informasiyanı təkzib edib. O bildirdi ki, Ukrayna hərbi sənaye kompleksi Şimali Koreyaya hər hansı silah və hərbi texnologiyalar çatdırmayıb.

Ukraynanın "Batkivşina” müxalifət partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenko deyib ki, Kiyev tərəfindən Şimali Koreyaya silah və hərbi texnologiyaların çatdırması haqqında informasiya təsdiqlənərsə, Ukrayananı sanksiyalar və faciə gözləyir.

”Bu informasiya təsdiqlənərsə, Ukrayna sanksiyaların altına düşə bilər. Bu, mədəni dünyanın hər hansı köməyindən məhrum olmaqdır. Bu, bizim ölkəmiz üçün faciədir”, - Timoşenko Feysbuk səhifəsində yazıb./publika.az

Xəbər lenti