Xəzər Xəbər

Avtomagistralda yük maşını ilə "şou" göstərən sürücü həbs edildi - VİDEO

Veb TV | 20:13 • 11 Mart 2017
Avtomagistralda yük maşını ilə "şou" göstərən sürücü həbs edildi -

Sosial şəbəkələrdə yayılan və sürətli yolda əks istiqamətdə hərəkət edən yük avtomobilini izləyən hər kəs dəhşətə gəlib.

Xezerxeber.az məlumat verir ki, bu gün yol polisi tərəfindən həmin sürücü müəyyən edilərək saxlanılıb. Məlum olub ki, sürücü həmin vaxt sərxoş olub.

"Xəzər Xəbər” onun "qəhrəmanlığı” ilə bağlı fikirlərini soruşub. Cavablarından isə belə görünür ki, o heç bu gün də sərxoşluqdan ayılmayıb.

Həmin sürücü hava limanı yolunun sürət limiti saatda 120 kilometr olan hissəsində "ZİL" markalı avtomobili əks istiqamətdə idarə edib.

Bakı - Sumqayıt yolunda baş vermiş faciə nümunəsindən cəmi 1 gün sonra Heydər Əliyev prospektində bu kadrlar çəkilib. Öz istiqamətində təxminən saatda 120 kilometrlə hərəkət edən bir avtomobildəki kameraya qarşıdan gələn "Zil" düşüb. İzləyənləri dəhşətə gətirən bu görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra polis həmin sürücünü müəyyən edib.

Avtoxuliqanlıq edərək özü və digər sürücülərin həyatını təhlüyə atan 46 yaşlı Elçin Babayev 99-YP- 314 nömrə nişanlı yol polisi avtomobilinin ekipajı tərəfindən saxlanılıb və izahatında hadisəni törədərkən içkili olduğunu bildirib.

Avtoxuliqan sürücünün işi Xəzər rayon məhkəməsinə göndərilib. Onun məhkəməyə gətirilməsinə "Xəzər Xəbər” əməkdaşları da şahidlik edib.

5 uşaq atası olduğu öyrənilən sürücü özünə bəraət qazandırmağa çalışıb, hətta açıqlaması, etdiyi hərəkətdən daha dəhşətli olub.

Ancaq sərxoşluğu və özünü müdafiələri nəticə verməyib. Sərxoş sürücüyə Xəzər rayon məhkəməsi tərəfindən 15 sutka həbs cəzası verilib və o, sürücülük hüququndan məhrum edilib. Lakin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqis Əsədov bildirib ki, o, yük maşınını nümayişkəranə şəkildə əks istiqamətdə sürərkən də sürücülük hüququ olmayıb. Yəni bundan aylarla əvvəl bu cəzanı alıb. Məhkəmə də həmin cəzanı daha 1 il uzadıb. Bələdiyyələrdən birində tullantı daşıyan həmin avtomobili necə sürdüyü isə məlum deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti