Xəzər Xəbər

Çörəkdə kif təhlükəsi

İqtisadiyyat | 15:26 • 20 İyul 2020
Çörəkdə kif təhlükəsi

Çörək karbohidrat və kalori mənbəyi kimi insanın əsas qida vasitəsidir. Tərkibində olan yüksək bitki zülalı, Omeqa-6 yağ turşusu, mineral və vitaminləri ilə orqanizmi təmin edir, həzm prosesini aktivləşdirir.

Qida Təhlükəsizliyi İnstitutundan xezerxeber.az-a ünvanlanan maaarifləndirici materialda deyilir ki, yüksək qlikemik indeksə malik çörək tez kiflənən məhsuldur. Çörəkdə olan kif göbələkləri münbit şəraitdə çoxalır. Bu cür hallar vaxtı keçmiş, keyfiyyətsiz çörəklərdə olur. Belə kiflər sağlamlıq üçün çox təhlükəlidir. Bəzən bir sıra istehsalçıların yeni partiya çörək-bulka məmulatlarının istehsalı zamanı xəmirin tərkibinə vaxtı ötmüş, xarab olmuş və qurumuş məhsul qatması yolverilməz haldır. Təzə xəmirə az sayda göbələk sporunun düşməsi kifayətdir ki, bütün məhsul partiyası yararsız vəziyyətə düşsün.

Çörəkdə olan kiflərin təhlükəlilik səviyyəsini onun rənginə görə müəyyən etmək olar:

Yaşıl – yalnız isti mühitdə çoxalır. Həmin növ göbələklərə əsasən çörəkbişirmə müəssisələrində sobalarda rast gəlinir.

Qara – əsasən çörək-bulka məmulatlarında rast gəlinir. Qara göbələklərdə sporların çoxalması rütubətli şəraitdə baş verir.

Çəhrayı – əsasən çörək qırıntılarında özünü göstərir və onu kartof xəstəliyi də adlandırırlar. Yoluxma dənli bitkilərin yetişdirilməsi mərhələsində yaranır.

Ağ – insan sağlamlığı üçün çox təhlükəlidir. Taxta materialdan olan çörək dolablarında, arakəsmələrdə, rəflərdə aktiv şəkildə çoxalır.

Boz – göbələyin ən zəhərli növü sayılır, kif istənilən mühitdə inkişaf edir. Bütün məhsulun tərkibində hətta görünməsə də, bərabər şəkildə yayılır,

Çörək-bulka məmulatlarında olan istənilən kif insan sağlamlığı üçün təhlükəlidir. Kifli çörəyi sadəcə iyləmək kifayətdir ki, patogen mikroorqanizmlərin sporları orqanizmə rahat şəkildə daxil olsun. Zəhərlənmənin əlamətləri özünü yaşlılar, uşaqlar və hamilə qadınlarda daha kəskin göstərir. Çörəkdə kif yaranmasının səbəbi istehsal zamanı sanitar normalara riayət olunmaması, məhsulun düzgün şəraitdə saxlanılmaması, çörəyin hazırlanmasında keyfiyyətsiz qida məhsullarından istifadə olunması və çörəyin yarıçiy bişirilməsi ilə əlaqədardır.

Kifli çörəyi yedikdə nə baş verir?

Çörək-bulka məmulatlarında kif göbələyi, ilk olaraq, məhsulun qabığında görünür. Buna görə çoxları sadəcə kifli hissəni kəsib götürür və qalan hissələri yeməyə davam edir. Belə etmək çox təhlükəlidir, çünki görünməyən sporlar məhsulu bütünlüklə əhatə edir və qidalandığımız zaman orqanizmdə ciddi intoksikasiyanın (zəhərləyici maddələrin orqanizmə təsiri nəticəsində əmələ gələn patoloji hal) yaranmasına səbəb olur. Kifli çörəyi iyləmək tənəffüs yollarının xroniki xəstəlikləri riskini meydana gətirir. Bəzi növ göbələklər əsəb sistemini sıradan çıxarır, hormonal fonu pozur, orqanizmin qoruyucu funksiyasını aşağı salır və gələcəkdə bronxial astma və xroniki bronxitin yaranma riskini artırır. Kifli çörəklə qidalanma orqanizmdə allergik rinit, dəridə səpgi; epiqastral ağrı, ürəkbulanması, qusma, tezyorulma və ishalın əlamətlərinin meydana gəlməsinə səbəb olur.

Çörəyi kifdən qorumaq yolları

Ən vacib məsələ çörəyin düzgün şəraitdə saxlanılmasıdır. Bu, həm istehsalçıya, həm də istehlakçıya aid olan məsələdir. Rütubətli və isti yer göbələyin inkişafı üçün əlverişli mühitdir. Göbələk sporları çörəyə gəmiricilər və həşəratlar vasitəsilə də daxil olur. Mətbəxdə çörək təmiz, quru və havalandırılmış yerdə saxlanılmalıdır. Çörəkqabını tez-tez yuyulub qurulanmalıdır. Mətbəx şkaflarının arxasına çörək qırıntılarının düşməsi həşəratların cəlb edilməsinə səbəb olur. Çörəyi sellofanda saxlamaq düzgün deyil. Çörəkqabında bir çörəkdə az da olsa, kif varsa, onun yanındakı çörəkdə də kif olması labüddür. Standarta görə, çörəyin yararlılıq müddəti 3 gündür. Lakin elə çörək növləri var ki, 2 gündən artıq saxlamaq olmaz.

Xəbər lenti