Xəzər Xəbər

Dövlət maliyyə dəstəyi üçün 147,1 mindən çox vergiödəyicisi müraciət edib

İqtisadiyyat | 19:24 • 18 İyul 2020
Dövlət maliyyə dəstəyi üçün 147,1 mindən çox vergiödəyicisi müraciət edib

Koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir.


İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, iyulun 16-na nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 28 min 986 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 118 min 187 fərdi (mikro) sahibkar, cəmi 147 min 173 vergiödəyicisi müraciət edib.


Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 272 min 273 işçini əhatə edən 28 min 986 vergiödəyicisi müraciət edib. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 98,26 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50 faiz) 49,13 milyon manat təşkil edir. İyulun 16-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24 min 669 vergiödəyicisinə 214 min 313 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 97,52 milyon manat vəsaitin köçürülməsi təmin olunub.


Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 118 min 187 vergiödəyicisindən müraciət daxil olub, 110 min 712 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,45 milyon manatdan çox təşkil edir. İyulun 16-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 63,31 milyon manat vəsaitin 106 min 334 fərdi (mikro) sahibkarın bank hesabına köçürülməsi təmin edilib.

Xəbər lenti