Xəzər Xəbər

Vüsal Qasımlı: Ermənistanın maliyyə təhlükəsizliyi təhdidlə üzləşib

İqtisadiyyat | 14:34 • 15 İyul 2020
Vüsal Qasımlı: Ermənistanın maliyyə təhlükəsizliyi təhdidlə üzləşib

Ermənistanın iqtisadi inkişafı borc cəlbinə əsaslanır və bu ölkə getdikcə xaricdən daha çox asılılığa düşməkdədir.


Xezerxeber.az xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib.


O bildirib ki, Ermənistanın Maliyyə Nazirliyinin cari ilin birinci yarısının nəticələri üzrə açıqladığı statistik göstəricilərə əsasən, bu ölkənin ümumi dövlət borcu 7 milyard 721 milyon ABŞ dollarına çatıb: "Hansı ki, bu göstəricinin də 5 milyard 984 milyon dollarlıq hissəsi xarici borcun payına düşüb. Təkcə bir faktı qeyd edək ki, bu ölkənin ümumi dövlət borcunun 80 faizi xarici valyutadadır və həmin istiqamət üzrə son dövrlərin davamlı neqativ tendensiyası Ermənistanın maliyyə təhlükəsizliyinin nə dərəcədə kövrək olduğunu göstərir. Belə ki, hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşıb və bu ölkənin ümumi daxili məhsulunun (ÜDM) 42 faiz civarındadır. Qeyd edək ki, ümumi dövlət borcunun ÜDM-ə nisbəti son dövrlər davamlı olaraq artmaqdadır. Belə ki, 2015-ci illə müqayisədə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 48 faizdən 54 faizə, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 40 faizdən 42 faizədək artıb. Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin qarşıdakı dövrdə daha da pisləşəcəyini və ilinin sonuna 57,2 faizə çatacağını proqnozlaşdırıb. Belə ki, 2019-cu ildə Ermənistanın ümumi dövlət borcu 6 faiz artdığı halda, təkcə cari ilin 6 ayı ərzində bu göstərici 5 faiz, xarici borc isə 4,6 faiz artım göstərib. Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasının müxtəlif ssenarilər üzrə hesablamaları bu ölkənin ümumi dövlət borcunun büdcə gəlirlərinə nisbətinin yaxın 5 il ərzində də 200 faizindən çox olacağını göstərir. Vergi gəlirlərinin azalması və fiskal xərclərin artması büdcə defisi ilə bağlı məsələni daha da kəskinləşdirəcək. BVF-nin ekspertlərinin hesablamalarına əsasən, büdcə defisitinin ÜDM-də çəkisi cari ildə 5 faiz, ümumi borcun ÜDM-də çəkisi isə 60 faizdən yüksək olacaq. Göründüyü kimi, hər iki mötəbər qurum Ermənistanın maliyyə asılılığının hələ də yüksək olaraq qalacağını qeyd edir. Bu ölkənin mərkəzi hökumətinin borclarının 79 faizi xarici valyutadadır. Atılması planlaşdırılan bütün fiskal tədbirlərə rəğmən Beynəlxalq Valyuta Fondu bu göstəricinin 2025-ci ilədək 73 faizdən yüksək olacağını proqnozlaşdırır. Əlbəttə ki, bu da ölkə iqtisadiyyatını valyuta riskinə qarşı uzun müddət volatil və qeyri-stabil vəziyyətdə saxlayacaq. Bu ölkənin hazırkı addımları, eyni zamanda, pandemiyanın əks təsirlərini aradan qaldırmaq üçün borclanmaya getməsi ölkədə iqtisadi və maliyyə təhlükəsizliyinin daha da kəskinləşəcəyini göstərir. Belə ki, 2015-ci ilin sonu ilə müqayisədə 2019-cu ilin yekunlarına əsasən, bu ölkənin xaricdən cəlb etdiyi kreditlərin miqdarı 2 dəfə artıb”.


"Eyni zamanda, Ermənistanın xaricdən cəlb etdiyi kreditlərin həcmi 4 milyard 539 milyon dollara çatıb ki, bu da ölkənin ÜDM-nin 33 faizi civarındadır. Burada bir məqamı qeyd edək ki, Ermənistana kredit resurslarının cəlb olunmasında beynəlxalq təşkilatlardan ən böyük pay Dünya Bankının qurumları (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası), Asiya İnkişaf Bankı, Avrasiya İnkişaf Bankı, ölkələrdən isə Rusiya, Almaniya və Yaponiyaya məxsusdur. Ümid edirik ki, artıq bu təşkilatlar və ölkələr də Ermənistanın təcavüzkar, etibarsız və regionda sülhü destabilizəedici hərəkətlərini müşahidə edərək bu ölkəyə maliyyə vəsaitlərinin verilməsini məhdudlaşdıracaq. Ermənistan iqtisadiyyatının xaricdən maliyyə asılılığı təkcə borc vəsaitlərinin cəlb edilməsi parametrləri üzrə deyil. Belə ki, bu ölkə pul köçürmələrindən də yüksək səviyyədə asılıdır. Xaricdən pul köçürmələrinin ÜDM-də xüsusi çəkisinə görə Ermənistan dünyada ən pis vəziyyətdə olan ölkələrdən biridir. Belə ki, nüfuzlu "Miqrasiya və İnkişaf üzrə Qlobal Bilik Əməkdaşlığı” (KNOMAD) platformasının açıqladığı statistik göstəriciləri təhlil edəndə görünür ki, 2019-cu ildə xaricdən pul köçürmələri Ermənistan iqtisadiyyatının toplam ÜDM-nin 11,4 faizini təşkil edib və bu rəsmi göstəricilərə əsaslanan statistikadır. Hansı ki, bu göstəriciyə görə Ermənistan dünyada 153-cü mövqeyi bölüşür və statistikası açıqlanmış cəmi 25 ölkədən "yaxşı” vəziyyətdədir. Bu isə məlum ölkənin iqtisadi təhlükəsizliyinin nə qədər bərbad vəziyyətdə olduğunun göstəricisidir. Bu ölkə rəsmilərinin açıqlamalarında da xaricdən maliyyə transferlərinin ölkənin iqtisadiyyatındakı payının açıqlanan rəsmi statistikadan çox daha böyük olduğu qeyd olunmuşdur və müxtəlif ekspertlərin hesablamaları bu rəqəmin 25 ətrafında olduğunu göstərir”, - deyə V.Qasımlı qeyd edib.


"Dünya Bankı 2020-ci il 22 aprel tarixli bəyanatında dünyada qlobal pul köçürmələrinin (yardımlar) cari il ərzində 20 faiz aşağı düşəcəyini və bunun son illərin ən kəskin aşağı düşməsi olacağını açıqlamışdı. Həmçinin bu enmə zəncirinin ən kəskin aşağı düşməsi Avropa və Mərkəzi Asiya regionunda (27,5 faiz) olacaq ki, bu da Ermənistana ən yüksək pul köçürmələrinin baş verdiyi regionlardan gəlirlərin kəskin azalması deməkdir. Bir məqamı da qeyd edək ki, Ermənistanda iqtisadi vəziyyət pandemiyadan öncə də gərgin idi. Belə ki, Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən 2019-cu ildə ötən illə müqayisədə bu ölkəyə investisiyaların ÜDM-ə nisbəti göstəricisi 5 faiz, yığım əmsalı isə 2 faiz azalıb. Beynəlxalq Valyuta Fondunun missiyası cari ilin sonunadək cari hesabın defisitinin ÜDM-də xüsusi çəkisinin 8,6 faizədək artacağını, həmçinin maliyyə hesabının kəskin azalacağını proqnozlaşdırıb ki, bunun da əsas səbəbləri kimi qeyri-rezidentlərin depozitlərinin geri çəkilməsi hesabına xarici özəl sərmaye axınlarının kəskin azalacağı və ölkəyə xaricdən gələn yardımların (xüsusilə də Rusiyadan) kəskin aşağı enəcəyi göstərilir. Təkcə mart ayında erməni dramı 5 faiz dəyər itirib. Nəzərə alsaq ki, aprel ayından bəri Rusiyanın "Gazprom” şirkəti ilə təbii qazın qiyməti ilə bağlı yaşanan problemlər, bu ölkənin təbii enerji asılılığında olması, iqtisadi problemləri pandemiyanın neqativ təsirlərini azaltmaq məqsədilə maliyyə resurslarını cəlb etmək imkanlarını da məhdudlaşdırır. Beynəlxalq Valyuta Fondu tərəfindən bu ölkəyə net birbaşa xarici investisiyaların isə bu ilin sonunadək 161 milyon dollar ətrafında olacağı proqnozlaşdırılır ki, bu da 2019-cu illə müqayisədə 2,5 dəfə azalma deməkdir. Bu ölkənin ümumi beynəlxalq rezervlərinin də ilin sonuna doğru azalacağı və 2,9 milyard dollardan 2,2 milyard dollara düşəcəyi proqnozlaşdırılır.


Göründüyü kimi, Ermənistan iqtisadi göstəricilərin bütün parametrləri üzrə xaricdən asılılıqda olan ölkədir və bütün mötəbər proqnozlar da bu ölkənin vəziyyətinin getdikcə daha da pisləşəcəyini və kəskin iqtisadi asılılıqla üz-üzə qalacağını göstərir. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, beynəlxalq ekspertlər 2018-ci ildə Ermənistanda baş verən dəyişikliklərin əsas sosial-iqtisadi drayverlərinin hazırki dövrdə getdikcə daha kəskin şəkildə hərəkətə gəldiyini və bu ölkə üçün yeni neqativ siyasi nəticələri olacağını göstərirlər. Maliyyə təhlükəsizliyi, bütövlükdə iqtisadi təhlükəsizliyi təhdid altında olan bir ölkənin Azərbaycana qarşı provakasiyalara getməsi sonun başlanğıcıdır”, - deyə o bildirib.

Xəbər lenti