Xəzər Xəbər

Azərbaycan koronavirusa görə QDTİB-ə ölkə üzrə strategiya və biznes plana düzəlişlərin edilməsini təklif edib

İqtisadiyyat | 16:58 • 18 İyun 2020
Azərbaycan koronavirusa görə QDTİB-ə ölkə üzrə strategiya və biznes plana düzəlişlərin edilməsini təklif edib

İyunun 18-də Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 22-ci İllik Toplantısı keçirilib.


Maliyyə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, videokonfrans formatında keçirilən iclasda QDTİB-in Rəhbərlər Şurasının Azərbaycanı təmsil edən üzvü, Maliyyə naziri Samir Şərifov da iştirak edib.


İllik iclasda çıxış edən QDTİB-in prezidenti Dmitri Pankin 2019-cu il üzrə illik hesabatı təqdim edib. Rəhbərlər Şurasının üzvləri tərəfindən bankın 2019-cu il üzrə fəaliyyətinə dair illik hesabat üzrə müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən S.Şərifov 2019-cu ildə bankın fəaliyyətini, əldə edilən nailiyyətləri müsbət qiymətləndirib, Azərbaycanın QDTİB ilə əməkdaşlığa böyük önəm verdiyini, 2019-2022-ci illəri əhatə edən bankın Azərbaycan üzrə ölkə strategiyasının bu əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd edib. Nazir ötən il QDTİB-in ölkə daxilində yerli valyutada qiymətli kağız yerləşdirən ilk beynəlxalq maliyyə institutu olmasının təqdirəlayiq hal olduğunu bildirib.


S.Şərifov koronavirus pandemiyasının istisnasız olaraq bütün ölkələr qarşısında yeni çağırışlar yaratdığını vurğulayaraq bankın ötən il qəbul etdiyi "2019-2022-ci illər üzrə Ortamüddətli Strategiya və Biznes Planı”na bu çağırışlara uyğun olaraq düzəlişlər etməsinin vacibliyini diqqətə çatdırıb.


Maliyyə naziri, həmçinin pandemiyanın qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən önləyici kompleks tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, hökumət pandemiya və qlobal böhran təhdidlərinə çevik reaksiya verərək insanların sağlamlığının qorunması, iqtisadi stabilliyin təmin edilməsi məqsədilə sistemli və operativ tədbirlər görür, təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi, zərərçəkmiş sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə təsirli tədbirlər həyata keçirir.


O, təsisçi ölkə olaraq Azərbaycanın QDTİB-in fəaliyyətini bundan sonra da dəstəkləyəcəyini bəyan edib.


Daha sonra QDTİB-in 2019-cu il üzrə fəaliyyətini özündə əks etdirən bir sıra təqdimatlar edilib, bankın ötən il üzrə maliyyə və audit hesabatları təsdiq olunub, keçən il əldə edilmiş xalis mənfəətin bankın kapitalının artırılmasına yönəldilməsi ilə bağlı qərarlar qəbul edilib.


İclasda pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların aradan qaldırılmasında üzv ölkələrə dəstək, bankın 2020-ci il büdcəsi, ölkə strategiyalarının nəticələri, üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsi, kiçik və orta sahibkarlığın daha fəal kreditləşdirilməsi kimi məsələlər də diqqət mərkəzində olub.


Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.

Xəbər lenti