Xəzər Xəbər

“Azərkosmos” ötən ili mənfəətlə başa vurub

İqtisadiyyat | 18:17 • 31 May 2020
“Azərkosmos” ötən ili mənfəətlə başa vurub

"Azərkosmos” ASC 2019-cu ilin yekunlarına dair maliyyə nəticələrini açıqlayıb.


ASC-dən bildirilib ki, maliyyə nəticələrini əks etdirən hesabata əsasən, "Azərkosmos” 2019-cu ili 3,62 milyon manat xalis mənfəətlə başa vurub, şirkətin ümumi mənfəəti isə 14,04 milyona manat olub.


2019-cu ildə şirkətin gəlirləri 2018-ci il ilə müqayisədə 41,2 faiz artıb, EBİTDA marjası 64 faizdən 73 faizə yüksəlib. Bu artımda peyk xidmətlərinin əhatə coğrafiyasının və aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsinin də rolu olub. "Azerspace-2” peykinin istifadəsinə dair beynəlxalq şirkətlərlə əməkdaşlıq sayəsində "Azərkosmos”un lizinq əməliyyatları üzrə maliyyə gəliri 2018-ci ilə nisbətdə 2,6 dəfə artaraq 12,24 milyon manata çatıb.


Qlobal "Peyk Sənayesi Assosiasiyası”nın (Satellite Industry Association) məlumatlarına əsasən, son illərdə dünya peyk sənayesində durğunluq müşahidə olunur, dünya peyk sənayesinin gəlirləri 3 faiz ətrafında artıb, sırf peyk xidmətlərinin göstərilməsi üzrə gəlirlər isə nisbətən azalıb. Bununla belə, "Azərkosmos”un gəlirləri stabil olaraq artmaqda davam edir və proqnozlara əsasən gəlirlərin növbəti illərdə daha da artacağı gözlənilir. Hazırda qüvvədə olan kommersiya müqavilələri üzrə növbəti dövrlər üçün 107,1 milyon manat gəlir təmin olunub.


Ümumilikdə, "Azərkosmos”un gəlirlərinin 90 faizi peyk xidmətlərinin 20-dən çox ölkəyə ixracından formalaşıb. 2019-cu ilin nəticələrinə əsasən, "Azərkosmos” dövlət və qeyri-dövlət ixracatçı subyektləri arasında xidmət sektorunda ixrac həcminə görə ən yüksək nəticə ilə birinci yerdə qərarlaşıb. Şirkətin ixrac portfelini əsasən ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri təşkil edib.


Bunlarla yanaşı, 2019-cu ildə "Azərkosmos”un yığılmış zərəri 1,9 faiz azalaraq 307 milyon manata düşüb. Bu məqamda xüsusi qeyd etmək lazımdır ki, qeyd olunan yığılmış zərər birbaşa "Azərkosmos”un əməliyyat fəaliyyəti ilə bağlı deyil, əsasən (85 faiz) ötən illərdə baş vermiş devalvasiyalar nəticəsində manatın məzənnəsinin aşağı düşməsi və bu səbəbdən manatla hazırlanan maliyyə hesabatında mənfi məzənnə fərqinin əks etdirilməsi ilə əlaqədardır. Belə ki, Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə görə peyk layihələrinin maliyyələşdirilməsi üçün xarici valyutada cəlb edilmiş kreditlər üzrə öhdəliklərdə yaranmış mənfi məzənnə fərqi maliyyə hesabatlarında Azərbaycan manatı ilə texniki olaraq zərər kimi tanınmalıdır. Şirkətin mənfəət və gəlirlərinin artımı ilə bağlı tarixçə və proqnozlara əsasən, ümumi yığılan zərərin ən azı əməliyyat fəaliyyəti ilə bağlı hissəsi yaxın illərdə mənfəətlə əvəzlənə biləcək.


Maliyyə hesabatının digər əsas müddəalarına nəzər saldıqda 2019-cu il ərzində "Azərkosmos”un nizamnamə kapitalında dəyişiklik baş vermədiyi, şirkətin nizamnamə üzrə ehtiyatının isə 28,3 faiz artaraq 208,37 milyon manat həcmində olduğu görünür.


"Azərkosmos”un uzunmüddətli aktivləri 2018-ci ilə nisbətdə 8 faiz azalaraq 569,86 milyon manat olub. Qısamüddətli aktivlər isə 70,8 faiz artaraq 58,73 milyon manat, ümumi aktivləri isə 3,8 faiz azalaraq 628,59 milyon manat dəyərində olub. Aktivlərin azalmasının böyük hissəsi torpaq, tikili və avadanlıqlar bəndində öz əksini tapmış və əsas səbəb 2019-cu ildə "Azerspace-2” peykinin tutumlarının 46 faizinin "Intelsat” şirkətinə maliyyə lizinqinə verilməsi ilə bağlıdır.


Həmçinin ümumi öhdəliklər 2018-ci ilə nisbətdə 77,09 milyon manat və ya 10,4 faiz azalaraq 663,77 milyon manata düşüb. "Azərkosmos”un öhdəliklərinin əsasını peyk layihələri ilə bağlı götürülmüş kreditlərin ödənilməsi təşkil edir. Bu kreditlər peyk xidmətlərindən əldə edilən gəlirlər hesabına vaxtlı-vaxtında geri ödənilir, bu günə kimi şirkətin vaxtı keçmiş və ya gecikdirilmiş kredit borcu qeydə alınmayıb.


Qeyd edək ki, "Azərkosmos”un 2019-cu ilin yekunları üzrə dərc olunmuş maliyyə hesabatları dünyanın 4 ən böyük audit şirkətlərindən biri olan "PricewaterhouseCoopers" (PwC) audit şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən müstəqil auditor rəyi alıb.


Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan "Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. "Azərkosmos” telekommunikasiya peyki olan "Azerspace-1”, Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky” və "Azerspace-2”nin operatorudur.

Xəbər lenti