Xəzər Xəbər

Avtobuslarla daşınan sərnişinlərin sayı 85 faiz azalıb

İqtisadiyyat | 14:43 • 17 Aprel 2020
Avtobuslarla daşınan sərnişinlərin sayı 85 faiz azalıb

Xüsusi karantin rejimi dövründə respublika üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) aprelin 1-3-də 231 min 624, aprelin 4-6-da 124 min 292, aprelin 7-9-da 63 min 653, aprelin 10-12-də 69 min 43 və aprelin 13-15-də 73 min 275 sərnişin daşınıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) xezerxeber.az-a bildirilib ki, aprelin 1-3-ü ilə müqayisədə ayın 13-15-də şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) daşınan sərnişin sayı 68,4 faiz azalıb.

Həmçinin fəaliyyətinə icazə verilən yeganə şəhərlərarası avtobus marşrutları olan "Bakı-Sumqayıt”, "Bakı-Abşeron” və "Sumqayıt-Abşeron” xətləri üzrə aprelin 1-3-də 75 min 400, aprelin 4-6-da 54 min 405, aprelin 7-9-da 45 min 275, aprelin 10-12-də 43 min 460 və aprelin 13-15-də 46 min 160 sərnişin daşınıb. Aprelin 1-3-ü ilə müqayisədə ayın 13-15-də "Bakı-Sumqayıt”, "Bakı-Abşeron” və "Sumqayıt-Abşeron” avtobus marşrutları ilə daşınan sərnişin sayı 38,8 faiz azalıb.

Ümumilikdə xüsusi karantin rejiminə qədərki dövrlə müqayisədə daşınan sərnişin sayı 85 faiz azalıb.

Ötən müddət ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fəaliyyətinə icazə verilən şəhərdaxili (rayondaxili) sərnişindaşımaları, həmçinin "Bakı-Sumqayıt”, "Bakı-Abşeron” və "Sumqayıt-Abşeron” avtobus marşrutları üzrə sərnişindaşıma fəaliyyəti göstərən sürücülər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.

Avtobusların salonlarında və dayanacaqlarda sərnişinlər tərəfindən sosial məsafəyə riayət olunmasının təmini məqsədilə DANX-ın əməkdaşları tərəfindən gündəlik nəzarət tədbirləri davam edir.

Xəbər lenti