Xəzər Xəbər

15 mart Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür

İqtisadiyyat | 11:48 • 15 Mart 2020
15 mart Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür

Hər il martın 15-i Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü kimi qeyd edilir. İnsan hüquqları spektrində əsas hüquqlardan biri istehlakçıların hüquqlarıdır. Onların hüquqlarının qorunması dünyada ən aktual məsələlərdən biri hesab edilir. Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir. Məhsulların istehsalı və satışı, xidmətlərin göstərilməsi sahələrində keyfiyyətlə bağlı problemlər hər bir ölkəni narahat edir. Bu problemlərdən ən çox əziyyət çəkən isə istehlakçılardır.

Keyfiyyət sahəsində yaranmış bu kimi məsələlərin həllinin vacibliyini və istehlakçıların narazılıqlarını ölkə qarşısında vacib bir problem kimi qəbul edən ABŞ Prezidenti Con Kennedi 1962-ci il martın 15-də Konqresdə çıxış edərək, bu günü Dünya İstehlakçılar Günü elan edib. Kennedi deyib: "İstehlakçılar biz hamımızıq. İstehlakçılar böyük iqtisadi gücdür və demək olar ki, istənilən iqtisadiyyatda həlledici rol oynayırlar”.

İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilk dəfə 1983-cü il martın 15-də qeyd olunub.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində hüquqi bazanın əsasını ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da qəbul edilmiş "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar təşkil edir. Bu Qanunla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda, ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir.

Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il 25 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. Yeni qurumun qarşısında inhisarçılığın qarşısının alınması, haqsız rəqabətlə mübarizənin gücləndirilməsi və istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələr qoyulub.

Respublikamızda istehsal edilən, habelə idxal olunan malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, Azərbaycan dilində də yazılmalıdır. Müştərilər istənilən malı alarkən və ya pullu xidmət növlərindən yararlanarkən istehlakçı qismində çıxış edirlər. İstehlakçı ona göstərilən xidmətin keyfiyyətli olmasında maraqlıdır ki, bu da onun keyfiyyət hüququdur. İstehlakçının tələbi ilə satıcı (istehsalçı, icraçı) malın mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri ona təqdim etməyə borcludur. İstehsalçı və satıcı malın keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verməlidir.

Aldığımız malların üzərində olan standartları, işarələri çoxları bilmir və bununla maraqlanmır. Bu da əksər hallarda istehlakçı hüquqlarının pozulmasına səbəb olur. Hər bir insan istifadə etdiyi dərman preparatı, məişət əşyası, geyim və qida məhsulları barədə, onların üzərindəki marka və nişanları müəyyən səviyyədə bilməlidir.

İnsanlar aldıqları qida məhsullarının ekoloji və gigiyenik cəhətdən sağlamlıqları üçün heç bir təhlükə törətmədiyinə əmin olmalıdırlar. Alınan hər hansı bir əşya sağlamlığa və yaxud əmlaka ziyan vurarsa, onda onun əvəzini bərpa etməyi tələb etmək hüququmuz var. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının 14 gün ərzində həmin malı aldığı yerdə başqa mala dəyişdirmək hüququ var.

Xəbər lenti