Xəzər Xəbər

Əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi halları müəyyən edilib

İqtisadiyyat | 11:11 • 4 Mart 2020
Əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi halları müəyyən edilib

Vergi ödəyiciləri tərəfindən əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən nəzarət tədbirləri davam etdirilir.


Vergilər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, aparılmış vergi nəzarət tədbirləri nəticəsində Sumqayıt şəhərində yerləşən "Ən Ucuz Market”lər şəbəkəsinə daxil olan 7 obyektdə əmək müqaviləsi olmadan, ümumilikdə, 33 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar edilib. Obyektlərin hamısında əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu və faktiki sahələrinin vergi orqanlarına təqdim edilmiş uçot sənədlərində bəyan edildiyi göstəricilərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb.


Baki şəhəri Sabunçu rayonu, Bakixanov qəsəbəsində yerləşən, Cəlilov Elşən Firdovsi oğluna məxsus tikiş sexində aparılan vergi nəzarəti tədbirləri zamanı isə 16 nəfər şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edildiyi halı aşkar edilib. Həmçinin müəyyən edilib ki, vergidən yayınmaq məqsədilə vergi ödəyicisi tərəfindən fəaliyyət göstərdiyi obyekt vergi orqanlarında qeydiyyata qoyulmayıb.

Qeyd edilməlidir ki, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı 10 (on) nəfərdən çox olduğu halda cinayət tərkibi yaranır: "Vergilər Nazirliyi bildirir ki, işəgötürənlər işçilərin əmək müqaviləsi əsasında işə cəlb edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməli, habelə mal və pul vəsaitlərinin uçotdan gizlədilməsi hallarına yol verməməlidirlər. Vergi orqanları dövriyyələrini gizlədərək vergidən yayınan şəxslərin aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir və bir daha xəbərdarlıq edir ki, qanun pozuntularına yol verilməsi və vergidən yaynma hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.


Vətəndaşların nəzərinə bir daha çatdırılır ki, əmək müqaviləsinin bağlanması, ilk növbədə, işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilib. İşçilər əmək müqaviləsi olmadan və ya işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək müqaviləsi olmayan və əmək haqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası gələcəkdə pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalınız rəsmi əmək haqqı ödəməyi tələb etməklə hər bir işçi özünün gələcəyini indidən düşünmüş olur".

Xəbər lenti