Xəzər Xəbər

Bəzi villa, MTK və otellərdə elektrik enerjisindən sayğacdan kənar istifadə edilir - XƏBƏRDARLIQ

İqtisadiyyat | 11:40 • 18 Fevral 2020
 Bəzi villa, MTK və otellərdə elektrik enerjisindən sayğacdan kənar istifadə edilir  -

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi proqramı”nda enerji haqlarının yığılmasının 100 faizə çatdırılması enerji təchizatı müəssisələrinə bir vəzifə olaraq tapşırıldığından, həmin vəzifənin layiqincə yerinə yetirilməsi üçün "Azərişıq” ASC irimiqyaslı texniki və təşkilati tədbirlər görür.


ASC-dən xezerxeber.az-a verilən məlumata görə, uçot sisteminin yenidən qurulması, elektrik enerjisindən qanunsuz istifadə və enerjinin talan olunması kimi hüquqazidd hərəkətlərin qarşısının alınmasının nəticəsidir ki, ötən illərlə müqayisədə elektrik enerjisi haqlarının yığılmasında əsaslı dönüş yaranıb. Lakin görülmüş tədbirlərə baxmayaraq, bu sahədə "Azərişıq” ASC-nin işinə maneə olan, elektrik enerjisinin talan edilməsi kimi neqativ hallar hələ də ciddi narahatlıq yaradır.


Bəzi istehlakçıların, xüsusən də villa, MTK, sənaye və ictimai iaşə obyektləri, otel, istixana və sair sahiblərinin elektrik enerjisindən sayğacdan kənar istifadə etmələri, kabel xətlərinə və uçot dəstlərinə müdaxilələri müşahidə edilir ki, bu da son nəticədə elektrik enerjisinin talanmasına səbəb olmaqla yanaşı, digər istehlakçıların, xüsusən də əhalinin enerji təchizatında ciddi problemlər yaradır.


Qeyd olunanları nəzərə alaraq, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və digər hüquqazidd hərəkətlərə yol verən istehlakçılar bir daha xəbərdar edilir. Belə istehlakçıların elektrik enerjisi təchizatı dərhal dayandırılacaq, elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb edilmələri üçün hüquq-mühafizə orqanlarına müraciət olunaraq "azerishiq.az” saytında və kütləvi informasiya vasitələrində ictimaiyyət məlumatlandırılacaq.

Xəbər lenti