Xəzər Xəbər

Türk İnvestisiya Fondunun yaradılması üzərində iş gedir – Baş katib

İqtisadiyyat | 15:07 • 6 Fevral 2020
Türk İnvestisiya Fondunun yaradılması üzərində iş gedir

Bakıdakı iclas zamanı Türk Şurasının bu il Türkiyədə keçiriləcək zirvə görüşünə hazırlıq prosesini, təşkilata üzv olmayan qonşu ölkələrlə, regionun digər dövlətləri ilə əməkdaşlığın formatlarını müzakirə etdik.

Bunu Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən növbədənkənar iclası ilə bağlı keçirilən mətbuat konfransında Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.

O qeyd edib ki, digər məsələ təşkilatın güclənməsinə, onun beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə təkan verməkdir: "Eyni zamanda təşkilatın gələcək addımları da müzakirə olundu. Hazırda Türk Şurası ilə bağlı 2025-ci ilədək olan plan üzərində işlənilir. Çünki biz üzv dövlətlər arasında daha dərin əməkdaşlığın qurulmasını istəyirik. Eyni zamanda Türk Akademiyasının fəaliyyətini gücləndirmək də bu sırada mühüm yer tutur”.

Bağdad Amreyev deyib ki, Türk Şurası daxilində maliyyə institutunun yaradılmasına ehtiyac var. Odur ki, Türk İnvestisiya Fondunun yaradılması prosesi üzərində işi yekunlaşdırıb növbəti zirvə görüşündən əvvəl müzakirəyə təqdim ediləcək: "Biz də katiblik olaraq fondun yaradılması üçün öz tərəfimizdən üzv ölkələrə dəstək olacağıq”.

Xəbər lenti