Xəzər Xəbər

Florian Zenqstşmid: Bütün dünyaya Azərbaycanın turizm potensialını göstərməyə çalışırıq

İqtisadiyyat | 16:33 • 30 Yanvar 2020
Florian Zenqstşmid: Bütün dünyaya Azərbaycanın turizm potensialını göstərməyə çalışırıq

EMİTT Türkiyənin ən böyük ticarət sərgisidir və Azərbaycanın burada təmsil olunması bizim üçün əhəmiyyətlidir. Hazırda biz burada yalnız Türkiyəyə deyil, eyni zamanda, bütün dünyaya Azərbaycanın turizm potensialını göstərməyə çalışırıq.


Bu barədə AZƏRTAC-a müsahibəsində İstanbulda keçirilən EMİTT 2020-Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.


O deyib: "Ötən il Türkiyədən Azərbaycana gələn vətəndaşların sayında kifayət qədər artım olub. Daha dəqiq desək, 2019-cu ildə Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 2018-ci illə müqayisədə 8,6 faiz artıb. Hədəfimiz bu artımın davamlı olması üçün çalışmaqdır”.


Azərbaycana gələn turistlər arasında Rusiya, Gürcüstan, Türkiyə, İran vətəndaşlarının çoxluq təşkil etdiyini deyən


F.Zenqstşmid vurğulayıb: "Ötən ilin statistik rəqəmlərinə baxsaq, Avropadan və Hindistandan Azərbaycana gələn turistlərin sayında da əhəmiyyətli dərəcədə artımı görmək olar. Bakı özü-özlüyündə çox gözəl və inkişaf etmiş şəhərdir. Lakin bu inkişafı Azərbaycanın hər bölgəsində müşahidə etmək mümkündür. Bu səbəbdən biz ölkəmizə gələn qonaqlara Azərbaycanın hər bölgəsini tanıtmaq istəyirik. Hazırda Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu olaraq əsas hədəfimiz turistləri regionlara cəlb etməkdir”.


Xatırladaq ki, yanvarın 30-dan fevralın 2-dək davam edəcək EMİTT -Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz təmsil olunur.

Xəbər lenti