Xəzər Xəbər

AÇG ilə “Şahdəniz” yataqlarından indiyədək 528,4 milyon ton neft və kondensat çıxarılıb

İqtisadiyyat | 13:13 • 23 Yanvar 2020
AÇG ilə “Şahdəniz” yataqlarından indiyədək 528,4 milyon ton neft və kondensat çıxarılıb

"Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz” yataqlarından bu vaxtadək 528,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2019-cu ildə görülmüş işlərə dair hesabatda deyilir.


Bildirilir ki, AÇG və "Şahdəniz” yataqları istismara veriləndən bu il yanvarın 1-dək təqribən 528,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bunun 500,4 milyon tonu "Azəri-Çıraq-Günəşli”nin, 28 milyon tonu isə "Şahdəniz”in (kondensat) payına düşür.


2019-cu ildə neft (kondensat) hasilatı təqribən 37,5 milyon ton olub ki, bu da 2018-ci ilin hasilat göstəricisindən (38,8 milyon ton) 1,3 milyon ton, yəni 3,5 faiz azdır.


2018-ci il dekabrın 6-da Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və qeyri-OPEC ölkələrinin "Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində toplantı keçirilib, OPEC və qeyri-OPEC ölkələri üçün yeni hasilatın azalma səviyyəsi müəyyən edilib. Belə ki, OPEC-in baş katibi Məhəmməd Barkindonun müvaqif məktubuna əlavə olunmuş cədvələ əsasən, Azərbaycan üçün 2019-cu ilin 6 ayı ərzində orta aylıq gündəlik neft hasilatı 776 min barrel müəyyən edilmişdir. Yəni, 2018-ci ilin sentyabr ayının faktiki orta gündəlik 796 min barrel neft hasilatından 20 min barrel az. Vyanada "OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. "Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub. Hesabat dövrü ərzində orta gündəlik neft hasilatı təqribən 765 min barrel təşkil edib. Dövr ərzində ümumilikdə ölkəmiz tərəfindən hasilat üzrə nəzərdə tutulmuş azalma səviyyəsi orta gündəlik 20 min barreldən əlavə olaraq 11 min barel təşkil edbr ki, bu da öhdəliyin 31 min barrel azaldılması, yəni 155 faiz yerinə yetirilməsidir.

Xəbər lenti