Xəzər Xəbər

Dövlət Toxum Fondunun tabeliyindəki zavodlarda 4000 ton toxum emal edilib

İqtisadiyyat | 17:08 • 24 Oktyabr 2019
Dövlət Toxum Fondunun tabeliyindəki zavodlarda 4000 ton toxum emal edilib

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Xaçmaz və Şəki şəhərlərində yeni inşa edilmiş toxum emalı zavodlarında 4000 ton yerli və xarici toxum emal olunub. Müəssisələr saatda 5 ton toxum emal etmək gücünə malikdir və emal olunmuş toxum 20000 hektar ərazini keyfiyyətli toxumla təchiz edə bilər.


Nazirlikdən bildirilib ki emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır.


Zavodunun əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir. Toxum emalı zavodları regionun toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayır. Zavodda yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumlar emal edilir. Fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması, sertifikatlanması həyata keçirilir.


Hazırda zavodlarda emal prosesi davam edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti