Xəzər Xəbər

İstehlak bazarında qiymətlər bahalaşıb

İqtisadiyyat | 15:50 • 9 Avqust 2019
İstehlak bazarında qiymətlər bahalaşıb

Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1 faiz bahalaşıb.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, cari ilin iyulunda iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri isə sabit qalıb.


Ay ərzində uzun düyünün, unun, vermişelin, toyuq ətinin, suda bişmiş kolbasanın, sosiskanın, sterilizə olunmuş üzlü və şəkərli qatılaşdırılmış südün, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, armudun, gavalının, əriyin, şaftalının, qarpız və yemişin, üzümün, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, kartofun, quru noxudun, mərcinin, şəkər və şəkər tozunun, çay və kakao tozunun, dondurmanın, mineral suların, limonadın, energetik içkilərin qiymətlərində ucuzlaşma olub. Yumru düyünün, spagettinin, mal və qoyun ətinin, hisə verilmiş və yarım hisə verilmiş kolbasanın, konservləşdirilmiş mal ətinın, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatığın, brınza pendirinin, kərə yağının, limonun, almanın, albalı və gilasın, çiyələyin, kələmin, pomidorun, xiyarın, soğanın, kola içkisi və pivənın qiymətlərində isə bahalaşma müşahidə edilib. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbər lenti