29 mayda Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası finalı ərəfəsində Azərbaycanda bir çox sahələrdə aktivlik müşahidə edilir.
XəzərXəbər xəbər verir ki, final üçün xaricdən gələcək azarkeşlər ("potensial müştərilər”) uğrunda əsas "mübarizə” hotellər və maklerlər arasında gedir.
Maraqlısı budur ki, rəqabətdə adətətən üstün olmaq istəyən tərəflər qiymət siyasətində hansısa güzəştə getməyə çalışsa da, hazırda bunun əksini müşahidə edirik.
Belə ki, əmlak bazarında apardığımız monitorinq nəticəsində final ərəfəsində təklif edilən günlük kirayə mənzillərin qiymətinin bahalaşdığını müşahidə etdik. Daha çox paytaxtın mərkəzi hissələrində - Gənclik, 28 May, Sahil və İçərişəhər metrostansiyaları ətrafında qiymətlər 60 manatdan başlayaraq 300 manata qədər yüksəlir.
Ərazilər üzrə qiymətlərə ayrılıqda nəzər yetirək.
28 may metrostansiyası yaxınlığında 1-2 otaqlı evlərin qiyməti 40-60 manat, yeni tikilmiş bəzi binalarda isə 100-120 manat arasında dəyişir.
Sahil və İçərişəhər metrostansiyaları yaxınlığında isə 75-100 manat civarındadır.
Gənclik metrostansiyası ətrafında 40-50 manata günlük evlər tapmaq mümkündür.
Ən ciddi bahalaşma isə Babək prospektində müşahidə olunur. Normalda 70-100 manat olan günlük evlərin qiyməti isə 300-400 manata yüksəlib. Maklerlər beynəlxalq tədbirlər və yarışlar zamanı bu halların tez-tez baş verdiyini bildirdilər.