Xəzər Xəbər

Xətai rayonunda aparılan qeyri-qanuni tikinti işləri dayandırılıb - FOTO

İqtisadiyyat | 09:46 • 27 Aprel 2019
Xətai rayonunda aparılan qeyri-qanuni tikinti işləri dayandırılıb -

Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında aparılan qeyri-qanuni tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılıb.


Komitənin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, ötən ilin noyabr ayında həmin ünvanda yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən yaşadıqları binalar qarşısında boş sahədə hündürmərtəbəli evlərin tikintisinə başlamaq cəhdləri barədə komitəyə kollektiv şikayət daxil olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssislərinin araşdırması nəticəsində məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin martında sözügedən ərazidə çoxmərtəbəli yaşayış binasının "Azenne Group” MMC tərəfindən tikintisinə icazə icraatına başlansa da, icraat başa çatdırılmayıb və həmin binanın tikintisinə icazə verilməyib. Bununla əlaqədar, komitə tərəfindən aidiyyəti dövlət qurumlarına qanunvericiliklə müəyyən olunmuş qaydada tikintiyə icazə alınana qədər bu ərazidə tikinti işlərinin dayandırılması ilə bağlı müraciət ünvanlanıb.


"Azenne Group” MMC-nin təqdim etdiyi layihəyə əsasən, 4 girişli 22-25 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulurdu ki, bu da şəhərsalma qanunvericiliyi ilə tikinti sıxlığı üzrə həmin ərazi üçün müəyyən olunmuş normaları bir neçə dəfə üstələyir.


Ötən müddət ərzində komitənin mütəxəssisləri tərəfindən sözügedən MMC-nin nümayəndələri ilə layihənin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı danışıqlar aparılıb, zəruri tövsiyələr verilib. Bununla belə, qeyd olunan ünvanda Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə cavab verən tikinti layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə bugünədək təqdim olunmayıb. Buna baxmayaraq, cari ilin aprel ayında Süleyman Vəzirov küçəsi, 17 ünvanında yaşayan sakinlərin bu ərazidə tikinti işlərinin yenidən bərpa olunması ilə bağlı təkrar kollektiv müraciəti komitəyə daxil olub. Müraciət yerində araşdırıldıqdan və bu fakt təsdiqini tapdıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikinti işlərinin dayandırılması məqsədilə dərhal zəruri tədbirlər görülüb. Eyni zamanda, gələcəkdə həmin ərazidə hər hansı qeyri-qanuni tikinti işlərinin aparılması cəhdlərinin qarşısını almaq məqsədilə bu barədə yerli icra hakimiyyəti orqanlarına və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, habelə hüquq-mühafizə orqanlarına məlumat verilib.


Həmçinin, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbərliyi tərəfindən həmin sakinlərlə görüş keçirilib, qeyri-qanuni tikinti işlərinin qarşısının alınması üçün təşəbbüskarlığa və vətəndaş borcunun yerinə yetirilməsinə görə onlara təşəkkür edilib.


Sakinlərin diqqətinə çatdırılıb ki, bu ərazidə tikinti layihəsinin yerinə yetirilməsi ilə bağlı gələcəkdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni müraciət daxil olacağı təqdirdə, həmin layihə şəhərsalma qanunvericiliyi ilə müəyyən olunan norma və tələblər çərçivəsində dəyərləndiriləcək, qonşuluqda yaşayan insanların hüquq və mənafeləri nəzərə alınacaq.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ciddi tədbirlər görüləcək.

Xəbər lenti