Xəzər Xəbər

Azərbaycanda neft hasilatının artırılması üçün böyük imkanlar var

İqtisadiyyat | 15:56 • 24 Mart 2019
Azərbaycanda neft hasilatının artırılması üçün böyük imkanlar var

Azərbaycanın "Muradxanlı-Cəfərli-Zərdab" yataqlar blokunda neft hasilatının artırılması üçün böyük imkanlar var.

Trend-in məlumatına görə, bu barədə "Total Market Solutions"a müsahibəsində yatağın işlənilməsi üzrə operator olan "Zenith Energy" şirkətinin (Kanada) baş direktoru Andrea Kattaneo bildirib.

A.Kattaneo deyib ki, hazırda hasilatın artırılması üçün daha çox imkan mövcuddur: "Çünki biz strategiyanı dəyişdirdik və quyuların əsaslı təmiri əvəzinə hasilatı artırmaq üçün dərhal qazma işlərinə başladıq. Həmin vaxt iki qazma qurğusu aldıq. BD-260 qazma qurğumuz İtaliyadan Azərbaycana idxal edilmişdi. Bu qurğunun hissələrini daşıyan son yük maşını növbəti yeddi gün ərzində gələcək".

Baş direktor əlavə edib ki, martın 26-dan sonra şirkət BD-260 qazma qurğusunun quraşdırılması ilə məşğul olacaq və "Cəfərli" yatağında C-37 quyusunda qazma işlərinə başlayacaq:

"Birinci mərhələdə qazma işləri bir neçə yüz metr dərinliyə qədər aparılacaq, sonra quyunun dərinləşdirilməsi üzrə ikinci və üçüncü mərhələ həyata keçiriləcək. Qazma işləri maksimum 3 həftə çəkəcək. C-37-nin tədqiq etdiyimiz struktur üzrə yaxşı təsvir verəcəyi gözlənilir".

A.Kattaneo daha sonra şirkətin C-40 quyusunun dərinləşdirilməsi üzrə işləri davam etdirəcəyini bildirərək əlavə edib ki, iki quyunun dərinləşdirilməsinin nəticələri tamamilə yeni quyunun harada qazılması barədə qərar qəbul etməyə imkan verəcək: "Birinci quyudan sonra ikinci, üçüncü və dördüncü quyuları qazacağıq".

Qeyd edək ki, SOCAR və Kanada şirkəti arasında "Muradxanlı", "Cəfərli" və "Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 2016-cı il martın 16-da imzalanıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti