Xəzər Xəbər

Türkiyədə bu il ev alan azərbaycanlıların sayı açıqlandı

İqtisadiyyat | 14:38 • 19 Oktyabr 2018
Türkiyədə bu il ev alan azərbaycanlıların sayı açıqlandı

Azərbaycan vətəndaşları 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Türkiyədə 763 ev alıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 252 ev və ya 49% çoxdur.


Bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.


Hesabata əsasən sentyabrda ev alışında əvvəlki ayla müqayisədə 87,5% çox ev alınıb. Belə ki, Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə ev alışının 65-i yanvar, 63-ü fevral, 61-i mart, 68-i aprel, 75-i may, 82-si iyun, 73-ü iyul, 96-sı avqust və 180-i sentyabr ayında həyata keçirilib.


Bununla da, bu ilin 9 ayı ərzində vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin sıralanmasında Azərbaycan 10-cu yeri tutub. Hesabata əsasən, 1-ci yerdə İraq (4 866 ev), 2-ciI yerdə İran (2 197 ev), 3-cü yerdə Səudiyyə Ərəbistanı (1 885 ev), 4-cü yerdə Rusiya (1 443 ev), 5-ci yerdə Küveyt (1 408 ev), 6-cı yerdə Əfqanıstan (1 272 ev), 7-ci yerdə Almaniya (1 127 ev), 8-ci yerdə İordaniya ( 807 ev), 9-cu yerdə İngiltərə (796 ev) vətəndaşları qərarlaşıb.


Qeyd edək ki, Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə ev alışı illik müqayisədə 332 ev və ya 54,4% artaraq 2017-ci ildə 942-yə çatıb. Bununla da, ötən il vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin siyahısında Azərbaycan 6-cı yeri tutub.


Xatırladaq ki, Azərbaycan 2016-cı ildə bu siyahıda İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan, İngiltərə, Almaniya və İrandan sonra 9-cu yerdə olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti