Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin
məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və
müavinətlərin maliyyələşdirilməsinə 1792,8 milyon manat vəsait
yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 118,1 milyon
manat və ya 7,0 faiz çoxdur. Vəsaitin 97,9 faizini pensiya xərcləri
təşkil edib. XəzərXəbər Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir ki, 2018-ci ilin altı ayı ərzində əhaliyə 38,4
milyon manat məbləğində müavinət ödənilib ki, bunun da 29,2 faizi
hamiləliyə və doğuma görə, 32,4 faizi əmək qabiliyyətinin müvəqqəti
itirilməsinə görə, 17,6 faizi dəfn üçün, 20,8 faizi isə digər məqsədlər
üçün ödənilən müavinətlərə yönəldilib.
2018-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda
1311,7 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin
13,4 faizini təşkil edir. Onların 58,6 faizi yaşa, 29,9 faizi əlilliyə,
11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin
olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə
müqayisədə 8,4 faiz artaraq 219,2 manat təşkil edib və orta aylıq əmək
haqqının 39,6 faizinə (2017-ci ilin birinci yarısında 38,7 faizinə)
bərabər olub.