Bu ilin yanvar-iyul
aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin
müvafiq dövrünə nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsullarının
qiymətləri 2,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,4 faiz, əhaliyə
göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,3 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, cari ilin iyul ayında iyun ayına nisbətən
istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən
ərzaq məhsullarının qiymətləri 1,5 faiz ucuzlaşıb, qeyri-ərzaq
mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1
faiz artıb.
Ay ərzində yumru düyünün, manna və qarabaşaq
yarmasının, makaronun, qoyun ətinin, pasterizə olunmamış üzlü südün,
bananın, almanın, armudun, alçanın, gavalının, əriyin, şaftalının,
pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin,
çuğundurun, sarımsağın, soğanın, kartofun qiymətlərində ucuzlaşma, uzun
düyünün, mal və toyuq ətinin, yumurtanın, kərə və bitki yağlarının,
şəkər və şəkər tozunun, qara və yaşıl çayın, limonun, albalının,
gilasın, qarpızın, yemişin, çiyələyin, göyərtinin, yerkökünün
qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının
qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay iyun ayı
ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, inşaat
materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə
örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət
cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik
məmulatlarının qiymətlərində bahalaşma, fotoaparatların, telefon
aparatlarının və elektrik fenlərinin qiymətlərində isə ucuzlaşma olub.
Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş
verməyib.
İyulda əvvəlki ayla müqayisədə əhaliyə göstərilən
ödənişli xidmətlərdən dəmiryol nəqliyyatı ilə ölkədaxili və beynəlxalq
sərnişindaşıma xidmətlərinin, MDB ölkələri istisna olmaqla digər ölkələrə hava
nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ödənişli ali
təhsil haqlarının, mebel, ev əşyaları və döşəmə örtüklərinin,
ayaqqabıların təmiri xidmətlərinin qiymətlərində bahalaşma, MDB ölkələrinə hava
nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin
kirayə haqlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər
ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.