Xəzər Xəbər

ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək

İqtisadiyyat | 16:29 • 20 İyul 2018
ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək

ABŞ "Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək.


Energetika Nazirliyindən bildirilib ki, ABŞ-ın müvəqqəti işlər vəkili Viliam Gill, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Missiya direktoru Caydev Sinkx daxil olmaqla geniş nümayəndə heyəti nazirlikdə olub. Energetika naziri Pərviz Şahbazovla nümayəndə heyəti arasında keçirilən görüşdə iki ölkə, eləcə də USAID ilə Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq, "Elektrik Enerjisi Bazarı” haqqında qanun layihəsinə dair müzakirələr aparılıb.


Vaşinqtonda 27-ci Dünya Qaz Konfransında Azərbaycanın energetika nazirinin iştirakı və tədbir çərçivəsində baş tutmuş yüksək səviyyəli görüşlərin Azərbaycan-ABŞ əlaqələrinin möhkəmləndirilməsində rolundan bəhs edilib, enerji əməkdaşlığının gələcək inkişafı üçün qaldırılan məsələlərin əhəmiyyətindən danışılıb.


Energetika naziri Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə ABŞ-ın dəstəyinin bütün görüşlərdə vurğulanmasını və davamlı enerji əməkdaşlığına marağın ifadə edilməsini təqdir edib. Bildirib ki, ABŞ-ın Cənub Qaz Dəhlizinə dair belə mövqeyi onun həyata keçirilməsi prosesində mühüm əhəmiyyət daşıyır.


ABŞ-ın müvəqqəti işlər vəkili V.Gill isə deyib: "Biz Azərbaycanla bütün sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlıqda qətiyyətliyik. ABŞ "Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək”.


Görüşdə, həmçinin "Elektrik Enerjisi Bazarı” haqqında qanun layihəsi üzrə növbəti addımlar barədə fikir mübadiləsi aparılıb. Beynəlxalq təcrübə əsasında hazırlanan qanun layihəsinə son tövsiyələrin nəzərdən keçirilməsinin vacibliyi qeyd edilib.


USAID-in Missiya direktoru C.Sinkxin iştirakı ilə görüləcək tədbirlərdən danışılıb. Bundan başqa elektroenergetika sektorunda aparılan islahatlarda əməkdaşlığın təmin edilməsi üçün USAID ilə Energetika Nazirliyi arasında Anlaşma Memorandumunun imzalanması perspektivlərinə toxunulub.

Xəbər lenti