2018-ci ilin
yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların
dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə
2,4% üstələyərək 13,7 mlrd. manata bərabər olub.
Dövlət Statistik Komitəsindən XəzərXəbər-ə verilən xəbərə görə, ticarət dövriyyəsinin 6,9 mlrd. manatını ərzaq
məhsulları, içkilər və tütün məmulatları, 6,8 mlrd. manatını qeyri-ərzaq
məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin
yanvar-may aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,8% və
3% üstələyib.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə
aldıqları mallara xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının,
4,9%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları,
geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,8%-i
avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,
17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2018-ci
ilin yanvar-may aylarında istehlak məhsullarının 13,9%-i ticarət
müəssisələri, 52,3%-i fərdi sahibkarlar tərəfindən, 33,8%-i isə bazar və
yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə
ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 23,3% artıb, fərdi
sahibkarlar üzrə 0,1%, bazar və yarmarkalarda 0,5% azalıb.
Hesabat
dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət
dövriyyəsi 279,7 manat və ya 2017-ci ilin yanvar-may aylarının
göstəricisindən nominal ifadədə 13,5 manat çox olub. Ticarət şəbəkəsində
bir ölkə sakini orta hesabla hər ay 140,1 manatlıq ərzaq məhsulları,
içkilər və tütün məmulatları, 139,6 manatlıq qeyri-ərzaq məhsulları
alıb.