Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən may ayının pensiyalarının ödənişi
prosesi pensiyaların maliyyələşdirilməsi qrafikinə əsasən
respublikamızın bütün rayon və şəhərləri üzrə tam və vaxtlı-vaxtında
həyata keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən XəzərXəbər-ə verilən məlumata görə, mayın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron
rayonu üzrə, mayın 14-də əhalisi məcburi köçkün olan rayonlar da daxil
olmaqla, daha 22 rayon üzrə, son iki gündə isə qalan rayonlar üzrə
pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun
mərkəzi xəzinə hesabından yerli orqanların hesablarına köçürülüb.
Nəticədə mayın 23-dək respublikanın bütün rayon və şəhərləri üzrə may
ayının pensiyalarının ödənişi artıq yekunlaşıb.
Qrafik əsasında
hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan
pensiyaçıların pensiyalarının onların hesablarına köçürülməsi isə yaxın
günlərdə təmin olunacaq.
Xatırladaq ki, pensiyaların ölkə üzrə
maliyyələşdirilməsi qrafikinə əsasən, Azərbaycanda pensiyaların ödənişi
Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı
şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan
rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın
18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi
rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək
yekunlaşdırılır.