Xəzər Xəbər

“Başakşəhər”in prezidenti: Qarabağlı qardaşlarımızı stadionumuzda qəbul etməkdən qürur duyarıq

İdman | 16:36 • 23 Oktyabr 2020
“Başakşəhər”in prezidenti: Qarabağlı qardaşlarımızı stadionumuzda qəbul etməkdən qürur duyarıq

"Dünən bazaya gələndə mənə dedilər ki, UEFA Azərbaycanın "Qarabağ” klubuna öz meydanında oynamaq icazəsi verməyib. Eşitdim ki, alternativ ölkələr arasında Türkiyə də var”.


Bunu Türkiyənin "Başakşəhər” klubunun prezidenti Göksəl Gümüşdağ bildirib.


Klub rəhbəri Avropa Liqasının II turunda "Qarabağ” – "Vilyarreal” matçının "Başakşəhər Fatih Terim” stadionuna salınmasına münasibət bildirib. O, bu qərardan məmnunluğunu dilə gətirib: "Azərbaycan klubu UEFA və "Başakşəhər”in razılığı olarsa, bizim stadionumuzda oynamaq istədiyini bildirmişdi. Mən də dedim ki, azərbaycanlı, xüsusilə qarabağlı qardaşlarımızı burada qəbul etməkdən qürur duyarıq. İki dövlət, bir millət hissini hər zaman yaşamışıq. Dostluq, qardaşlıq dar gündə bilinər. Stadionumuzu da, klubumuzu da, hətta evimizi də "Qarabağ”ın üzünə açarıq. Təlimat verdim ki, dərhal əlaqə saxlayın, bizim buna hazır olduğumuzu bildirin. UEFA bizdən qərarımızı soruşdu, cavabımız müsbət oldu”.


Gümüşdağ komandasının Çempionlar Liqasında iştirakı səbəbindən ot örtüyündə yaranacaq problemdən də narahatlıq keçirmədiklərini vurğulayıb: "Oktyabrın 28-də Çempionlar Liqası çərçivəsində PSJ-ni qəbul edəcəyik, bir gün sonra isə "Qarabağ” "Vilyarreal”la qarşılaşacaq. Belə bir gündə ot örtüyündə yaranacaq problemdən danışmağa belə ehtiyac duymuruq. Biz onları ən yaxşı şəkildə evimizdə qəbul etməyə hazırıq. Can qardaşlarımızı, "Qarabağ” klubunu ən yüksək səviyyədə qonaq edəcəyik”.


"Başakşəhər”in prezidenti "Qarabağ”ın hər 3 ev matçının stadionlarında keçirilməsinə belə, razılıq verdiklərini deyib: "Qarabağ”ın 3 ev oyununun hamısının burada keçirilməsinə razıyıq. Amma UEFA hələlik bir oyunla bağlı qərar verib. Əgər UEFA müsbət rəy verərsə, "Qarabağ” digər iki görüşü də burada öz evindəki kimi keçirə bilər”. (Apasport.az)

Xəbər lenti