Xəzər Xəbər

“Beşiktaş” səfərdə “Dənizlispor”u darmadağın edib

İdman | 11:35 • 21 İyun 2020
“Beşiktaş” səfərdə “Dənizlispor”u darmadağın edib

Futbol üzrə Türkiyə çempionatının XXVIII turu çərçivəsində keçirilən qarşılaşmada "Dənizlispor" doğma meydanda "Beşiktaş”ı qəbul edib.

Xezerxeber.az xəbər verir ki, hesabı matçın 10-cu dəqiqəsində İstanbul klubunun hücumçusu Burak Yılmaz açıb. Meydan sahibləri 53-cü dəqiqədə Oskar Estupinanın qolu sayəsində hesaba tarazlıq gətiriblər. Lakin qonaqların futbolçularından Gökhan Gönül (60), Kevin Nkoudou (67), Adəm Lyayiç (75) və Abdulay Diabi (78) fərqlənərək "Beşiktaş”ın qələbəsini rəsmiləşdiriblər.

Beləliklə, "Beşiktaş” səfərdə "Dənizlispor”u 5:1 hesabı ilə darmadağın edib.

Günün digər oyunlarında "Kayserispor” doğma divarlar arasında "Gənclərbirliyi”ni iki cavabsız topla məğlub edib. "Göztəpə” isə səfərdə "Yeni Malatyaspor”a 2:1 hesabı ilə uduzub.

Bundan əlavə, turda iyunun 21-də "Kasımpaşa" – "Fənərbağça", "Konyaspor" – "Sivasspor", "Qalatasaray" –"Qaziantep" komandaları qarşılaşacaq. XXVIII tura iyunun 22-də "Alanyaspor" – "Trabzonspor" və "Antalyaspor" – "Rizəspor" görüşləri ilə yekun vurulacaq.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 59 xalla turnir cədvəlinin lideridir. Ondan bir oyun az keçirmiş "Trabzonspor" 56 xalla ikincidir. "Sivasspor" 52 xalla üçüncü, "Qalatasaray" klubu isə 50 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Beşiktaş" (47 xal), "Alanyaspor" (43 xal), "Fənərbağça" (43 xal) və digər komandalar gəlir.

Xəbər lenti