Xəzər Xəbər

İstanbul derbisi: “Qalatasaray” – “Beşiktaş” oyununda hesab açılmayıb

İdman | 09:25 • 16 Mart 2020
İstanbul derbisi: “Qalatasaray” – “Beşiktaş” oyununda hesab açılmayıb

Martın 15-də futbol üzrə Türkiyə Superliqasının XXVI turunda İstanbul derbisi oynanılıb. Çempionatda üçüncü sıradakı "Qalatasaray” komandası əzəli rəqibi altıncı pillədəki "Beşiktaş”la qarşılaşıb.

Xezerxeber.az xəbər verir ki, "Türk Telekom” stadionunda keçirilən matç meydan sahiblərinin aşkar üstünlüyü və hücumları şəraitində keçsə də, oyunda hesab açılmayıb - 0:0.

Beləliklə, hər biri 53 xala malik olan "Trabzonspor” və "Başakşəhər”dən üç xal geridə və üçüncü sırada olan Fatih Terimin baş məşqçisi olduğu kollektiv çempionluğa iddialı rəqiblərinin bu gün heç-heçə edərək xal itirmələrindən istifadə edə bilməyib.

Türkiyədə koronavirus pandemiyasına görə "Qalatasaray”-"Beşiktaş” matçı azarkeşsiz keçirilib.

Xatırladaq ki, bu qarşılaşma iki komanda arasında oynanılan 347-ci derbi qarşılaşması olub. İndiyədək keçirilmiş 346 oyunda "Qalatasaray” 122, "Beşiktaş” 111 dəfə rəqibindən üstün olmuşdu, 113 matç isə heç-heçə başa çatmışdı.

"Sarı-qırmızılı”lar "Beşiktaş” ilə Superliqada oynadığı son doqquz görüşdə iki qələbə qazanıb.

Bu komandalar arasında cari mövsümdəki "Vodafon Park” stadionunda keçirilmiş derbidə ev sahibi "Beşiktaş” üç xala sahib olmuşdu - 1:0.

Martın 16-da keçiriləcək oyunda "Sivasspor” komandası "Antalyaspor”ın qonağı olacaq.

Xəbər lenti