Xəzər Xəbər

Səfir: “Uels futbolçuları Bakıya "evə qayıdırıq" şüarı ilə gəlirlər”

İdman | 11:49 • 2 Mart 2020
Səfir: “Uels futbolçuları Bakıya "evə qayıdırıq" şüarı ilə gəlirlər”

"Uels millisi bir neçə dəfə Bakıda olub. Əminəm ki, onlar yenidən bura qayıtmağı böyük məmnuniyyətlə gözləyirlər”.


Bunu apasport.az saytına Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.


Uels Milli Günü və Müqəddəs David Günü münasibətilə tədbir təşkil edən səfir milli komandalarının AVRO-2020-nin qrup mərhələsində iki oyununu Bakıda keçirməsinə münasibət bildirib. O, paytaxtımızın komandaları üçün düşərli olacağına inandığını söyləyib: "Uels futbolçuları bura hər zaman "evə qayıdırıq" şüarı ilə gəlirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşümüzdə də Uels millisinin formasını ona hədiyyə etdik. Biz çox istərdik ki, ölkə başçısı həmin forma ilə komandamızın oyunlarından birində iştirak etsin”.


Avropa çempionatı zamanı Bakıda Türkiyə yığmasının daha çox azarkeş dəstəyinə sahib olacağını qəbul edən Ceyms Şarp buna baxmayaraq, meydandakı mübarizənin fərqli olacağını düşünür: "Hesab edirəm ki, Türkiyə yığması bizimlə qarşılaşacağı üçün daha çox narahat olmalıdır. Azarkeş dəstəyi başqa məqamdır. Amma əsas oyunun necə baş tutmasıdır. Uels çox güclü komandadır, ötən Avropa çempionatında həm Belçika, həm də Rusiya kimi komandalara qalib gələrək, yarımfinala vəsiqə qazanmışdı. Bu dəfə də uğurlu çıxışa inanıram”.


Qeyd edək ki, iyunun 13-də İsveçrə, 17-də isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq Uels millisi A qrupunun son görüşündə Romada İtaliya ilə (21 iyun) üz-üzə gələcək.

Xəbər lenti