Xəzər Xəbər

Unai Emeri “Everton”un başçısı olmaq təklifindən imtina edib

İdman | 15:49 • 14 Dekabr 2019
Unai Emeri “Everton”un başçısı olmaq təklifindən imtina edib

Noyabrın sonunda Londonun "Arsenal” futbol klubunun baş məşqçisi vəzifəsindən çıxarılmış ispaniyalı mütəxəssis Unai Emeri Liverpulun "Everton” komandasının başçısı olmaq təklifindən imtina edib.


Xezerxeber.az xəbər verir ki, Emeri İngiltərə çempionatının iştirakçısı olan klubun təklifin qəbul etməyə tələsməməyi qərara alıb. Görünür, o, məşqçi karyerasında növbəti addımı atmazdan əvvəl vəziyyəti dəqiq təhlil etmək istəyir. Emeri Çin çempionatından da iki təklif alıb.


48 yaşlı Emeri 2018-ci ilin yayından "Arsenal”a başçılıq edirdi. Keçən il komanda Avropa Liqasının finalına çıxıb və bu mərhələdə Londonun "Çelsi” klubuna uduzub (1:4).


İspaniyalı mütəxəssis 2012-ci il iyun-noyabr aylarında Moskvanın "Spartak” komandasının baş məşqçisi olub. Rusiya çempionatında Moskvanın "Dinamo” komandası ilə matçda biabırçı məğlubiyyətdən (1:5) sonra bu vəzifədən çıxarılıb.


Unai Emeri müxtəlif vaxtlarda Fransanın "Pari Sen-Jermen”, İspaniyanın "Sevilya”, "Valensiya”, "Almeriya” və "Lorka” komandalarına da rəhbərlik edib. Mütəxəssis "Sevilya” ilə birlikdə üç dəfə (2014, 2015, 2016) Avropa Liqasında, PSJ ilə Fransa çempionatında (2018), iki dəfə (2017, 2018) Fransa Kubokunda və iki dəfə (2017, 2018) Fransa Liqası Kubokunda qalib gəlib.

Xəbər lenti