Xəzər Xəbər

Rafael Ağayev və İrina Zaretska “Grand Winners” mükafatına layiq görülüblər

İdman | 18:37 • 4 Dekabr 2019
Rafael Ağayev və İrina Zaretska “Grand Winners” mükafatına layiq görülüblər

Dünya Karate Federasiyası (WKF) ötən həftə Madriddə keçirilmiş Karate1 Premyer Liqa turnirinin nəticələrindən sonra ənənəvi "Grand Winners” mükafatının sahiblərini elan edib.


Xezerxeber.az xəbər verir ki, hər kateqoriyada ən yüksək nəticə göstərən idmançılar arasında dünya şöhrətli Azərbaycan karateçiləri Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) da var. Son dünya çempionu və Olimpiya reytinqinin lideri İ.Zaretskanın bir-birinin ardınca Tokio, Moskva və Madrid mərhələlərində qələbələri, eləcə də, Dubay Premyer Liqasında, İstanbulda Seriya A turnirində və Minskdə ikinci Avropa Oyunlarında gümüş medal qazanması bu mükafata sahib olmasına şərait yaradıb. İkinci dəfə bu mükafata sahib olan idmançımız gələn mövsüm xüsusi qızılı saplarla işarələnmiş karateqi geyimi ilə tatamiyə çıxacaq.


Beşqat dünya və on iki dəfə Avropa çempionu Rafael Ağayev isə dalbadal ikinci ildir ki, "Grand Winners” mükafatnı qazanır. Tanınmış karateçimiz cari mövsümdə Premyer Liqa yarışlarından Moskvada çempionluqdan əlavə, Paris və Tokioda gümüş medal, Dubay və Rabatda isə bürünc mükafata sahib olub. Bundan başqa R.Ağayev İspaniyada Avropa ikincisi və Belarusda Avropa Oyunlarının gümüş müküfatçısı olub.


Mövsümün nəticələrinə əsasən "Grand Winners” mükafatının digər sahiblərinə gəlincə, qadınlar arasında Sandra Sançes (kata, İspaniya), Serap Özçelik (50 kq, Türkiyə), Anjelika Terlyuqa (55 kq, Ukrayna), Syoyan İn (61 kq, Çin) və Ayumi Uyekusa (68 kq-dan yuxarı, Yaponiya), həmçinin kişilərdən Rio Kyuna (kata, Yaponiya), Darxan Assadilov (60 kq, Qazaxıstan), Stiven Dakosta (67 kq, Fransa), Uğur Aktaş (84 kq, Türkiyə) və Sacad Ganczadə (84 kq-dan yuxarı, İran) də var.


Fərqlənən karateçilərə mükafatlar 2020-ci il yanvarın 24-26-da Parisdə, növbəti mövsümün ilk Premyer Liqa turnirində təqdim olunacaq.

Xəbər lenti