Xəzər Xəbər

Qurban Qurbanov: Tam hazır olan oyunçuları meydana buraxacağıq

İdman | 08:54 • 28 Noyabr 2019
Qurban Qurbanov: Tam hazır olan oyunçuları meydana buraxacağıq

Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib pley-offa vəsiqəni təmin edib. Bizim üçün hər matç önəmli olub. Xüsusilə də böyük komandalara qarşı matçlarda öz oyunumuzu yaxşılaşdırmağa çalışırıq.


Xezerxeber.az xəbər verir ki, bu fikirləri "Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunda səfərdə "Sevilya” ilə keçiriləcək oyun əvvəl təşkil olunan mətbuat konfransında səsləndirib.


"Sevilya” ilə "Atletiko” fərqli komandalar olduğunu deyən 47 yaşlı mütəxəssis bildirib: "İki il əvvəl Madriddə "Atletiko” ilə heç-heçə etmişdik. Amma hər iki komanda fərqli tərzdə oynayır. İstənilən halda yaxşı çıxış etməyə çalışacağıq. Maksim Medvedevin durumu yaxşıdır. Onun meydana çıxmaq ehtimalı böyükdür. "Sevilya”ya gəldikdə deyə bilərəm ki, komanda hücum futbolu nümayiş etdirmək istəyir. Rəqib dinamik futbolun tərəfdarıdır”.


Qurbanov öz oyun üslublarına sadiq qalmağa çalışacaqlarını vurğulayaraq deyib: "Bizim öz oyun üslubumuz var, buna sadiq qalmağa çalışırıq. Bəzən rəqiblər və vəziyyət fərqli olur. Müdafiədə boşluqlar verməməliyik. Səhv etsək, istədiyimizə nail ola bilmərik”.


"Həqiqəti deməli, reallığa baxmalıyıq. "Sevilya” istənilən rəqiblə oyunda dominantlıq etmək istəyir. Bəzən öz futbolunu nümayiş etdirə bilmirsən, məcburən müdafiəyə çəkilirsən. Sabah intizamlı oyun göstərməyə çalışacağıq. Məni hər zaman bəzi futbolçuların optimal formadan uzaq olmaları narahat edir. Bu gün bu barədə düşünmürəm. Tam hazır olan oyunçuları meydana buraxacağıq”, - deyə Q.Qurbanov əlavə edib.

Xəbər lenti