Xəzər Xəbər

"Sevilya"nın futbolçusu: "Qarabağ" önündə zövq almağa çalışacağıq"

İdman | 10:24 • 25 Noyabr 2019
"Sevilya"nın futbolçusu: "Qarabağ" önündə zövq almağa çalışacağıq"

"Bu gün çox çalışdıq və qələbə qazandıq. Oyunu daha erkən "öldürə" bilərdik, ancaq şanslardan istifadə etmədik".


Apasport.az saytının məlumatına görə, bunu "Sevilya"nın yarımmüdafiəçisi Joan Jordan İspaniya La Liqasının XIV turunda "Valyadolid" üzərində qazanılan səfər qələbəsi (1:0) barədə danışarkən deyib.


25 yaşlı orta sahə oyunçusu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək görüşə də münasibət bildirib. O, avrokubokda sona qədər irəliləmək istədiklərini söyləyib: "İndi "Qarabağ"la matçı düşünməliyik. "Valyadolid"lə görüşdə olduğu kimi, "Qarabağ" önündə də oyundan zövq almağa çalışacağıq. Həftəiçi oyunlarımız davam edəcək. Üçgündən bir oynayırıq və bu durumu sona qədər aparmağa çalışacağıq".


Qeyd edək ki, noyabrın 28-də "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq. İlk 4 turdan sonra maksimum nəticə göstərən "Sevilya" 1/16 finala vəsiqəni rəsmiləşdiribsə, "Qarabağ" 4 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər lenti