Xəzər Xəbər

Azərbaycan millisi “Avro - 2020”nin seçmə mərhələsini məğlubiyyətlə başa vurub

İdman | 09:02 • 20 Noyabr 2019
Azərbaycan millisi “Avro - 2020”nin seçmə mərhələsini məğlubiyyətlə başa vurub

Futbol üzrə Azərbaycan millisi "Avro -2020”nin seçmə mərhələsini məğlubiyyətlə başa vurub.


Millimiz noyabrın 19-da Trnava şəhərindəki Anton Malatinskiy stadionunda Slovakiya yığmasının qonağı olub.


Oyunu ukraynalı hakimlər idarə edib.


Millimizin start heyətində Emil Balayev, Qara Qarayev, Şəhriyar Rəhimov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Vüsal İsgəndərli, Ramil Şeydayev, Eddi İsrafilov, Abbas Hüseynov, Anton Krivotsyuk və Cavid Hüseynov yer alıblar.


Slovakiya yığmasının ilk on birliyində isə meydana Martin Dubravka, Peter Pekarík, Lukaş Haraslin, Robert Bojeník, Matuş Bero, Milan Şkrinyar, Norbert Dyömber, David Hançko, Marek Hamşik, Yuraj Kuçka və Stanislav Lobotka çıxıblar


Oyunda hesabı meydan sahibləri açıblar. Belə ki, matçın 19-cu dəqiqəsində Robert Bojenik fərqlənib. Komandaların cəhdlərinə baxmayaraq birinci hissənin sonunadək hesab dəyişməyib. Beləliklə, Slovakiya millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.


Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ikinci hissəsində də slovakiyalı futbolçular fərqləniblər. Matçın 87-ci dəqiqəsində Marek Hamşik hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.


Beləliklə, matç Slovakiya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Millimizin mübarizə apardığı E qrupunu 1 xalla sonuncu pillədə başa vurub. Hesabında 17 xal olan Xorvatiya millisi qrup birincisi kimi turnir final mərhələsinə vəsiqəni təmin edib


Slovakiya və Azərbaycan milliləri dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 8-ci dəfə üz-üzə gəliblər. İndiyədək keçirilmiş 7 matçdan 6-da rəqib qalib gəlib. 2001-ci il iyunun 6-da Bakıda dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda isə Azərbaycan millisi 2:0 hesabı ilə qələbə qazanıb.

Xəbər lenti