Xəzər Xəbər

Nikola Yurçeviç: Uelslə oyundan əvvəl optimist olmalıyıq

İdman | 20:52 • 15 Noyabr 2019
Nikola Yurçeviç: Uelslə oyundan əvvəl optimist olmalıyıq

Beş gündür komandamız təlim-məşq toplanışındadır. Komandada əhval-ruhiyyə yaxşıdır. Zədə və başqa səbəblərdən komandamıza kömək edə bilməyəcək futbolçularımız var. Eddi İsrafilov komandaya qoşula bilmədi, Mahir Emreli və Rüfət Dadaşov isə zədəli olduğu üçün oyunda iştirak etməyəcək. Maksim Medvedevin də zədəsi var və meydana çıxmamaq ehtimalı az deyil.


Xezerxeber.az xəbər verir ki, bu barədə futbol üzrə "Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Uels millisini qəbul edəcək Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç noyabrın 15-də keçirdiyi mətbuat konfransında deyib.


Nikola Yurçeviç bildirib ki, son oyunlarda rəqiblərimizə qarşı yaxşı mübarizə aparmışıq, ancaq qarşılaşmanın başa çatmasına təxminən beş dəqiqə qalmış məğlub olmuşuq. Həmin oyunlarda bəxtimiz də gətirməyib. Uelslə oyundan əvvəl optimist olmalıyıq ki, qarşıdakı oyunlarda nəticələrimiz yaxşı olsun. Zədəli futbolçularımız mütəmadi əsas heyətdə meydana çıxanlardır və onları əvəz etmək asan deyil. Ümid edirik ki, həmin oyunçuların əvəzinə meydana çıxacaq futbolçular tapşırıqların öhdəsindən layiqincə gələcəklər.


Baş məşqçi qeyd edib ki, məni sabahkı oyunla bağlı ümidli edən son dörd oyunun təhlilləridir. Uelslə görüşün sonuna yaxın qol buraxdıq, məğlub olduq. Xorvatiya ilə matçdan xalla ayrıldıq. Macarıstanla oyunun son 15-20 dəqiqəsində yaxşı çıxış etdik, hətta qol vurduq, amma hakim bunu qeydə almadı və bir xalımızı "oğurladı”.


"Heyəti açıqlamamaqla hansısa sirri qorumuruq. Sadəcə, bəzi futbolçuların oynayıb-oynamayacağını son məşqdən sonra biləcəyik. Oyunöncəsi məşq isə mətbuat konfransından sonra başlayacaq”, - deyə xorvatiyalı mütəxəssis əlavə edib.


Oyunun çətin keçəcəyini bildirən milli komandanın üzvü Şəhriyar Rəhimov isə deyib: "Bu seçmə mərhələ çərçivəsində doğma meydanımızda son görüşümüzə çıxacağıq. Azarkeşlərimizi sevindirmək, ölkəmizi bu turnirdə layiqincə təmsil etmək üçün qələbə qazanmağa çalışacağıq”.


Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels matçı saat 21:00-da başlayacaq.

Xəbər lenti