Xəzər Xəbər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turuna yekun vurulacaq

İdman | 15:29 • 1 Sentyabr 2019
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turuna yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasının üçüncü turuna yekun vurulacaq.


Xezerxeber.az xəbər verir ki, Premyer Liqanın üçün turu sentyabrın 1-də keçiriləcək iki oyunla başa çatacaq.


İlk oyunda paytaxt təmsilçisi "Neftçi” "Bakcell Arena”da "Sumqayıt” klubunu qəbul edəcək. Hazırda "flaqman” 1 xalla 7-ci, "gənclik şəhəri” təmsilçisi isə 3 xalla 5-ci pillədə qərarlaşıb. Meydan sahibləri qalib gələrsə 5-ci, qonaqlar qələbə qazanarsa ən azı 4-cü pilləyə yüksələcək.


Bu, iki komanda arasında 29-cu qarşılaşma olacaq. Əvvəlki görüşlərin 14-dən "Neftçi”, 10-dan "Sumqayıt” qalib ayrılıb, 4 oyun isə heç-heçə ilə yekunlaşıb. Paytaxt komandası topların nisbətində də öndədir - 45:34. Son beş görüşdə meydan sahibi "Neftçi” qalib gələ bilməyib. Bu il keçirilən matçlarda hər iki komanda qol vurub.


Günün ikinci - sonuncu görüşü "ASCO Arena”da "Səbail” və "Qarabağ” komandaları arasında keçiriləcək. Hazırda klubların hər birinin 6 xalı var və "Keşlə” ilə birgə ilk 3 yeri bölüşürlər. Lakin istənilən hesablı nəticə şərikli liderlərin sayının azalmasına səbəb olacaq.


İki klub arasında indiyədək keçirilmiş 8 oyunun yalnız birində "Səbail” qələbə qazanıb ki, bu da texniki nəticə kimi tarixə düşüb. Qalan matçlardan isə "Qarabağ” qələbə ilə ayrılıb. Bu komandaların qarşılaşmalarında heç-heçə qeydə alınmayıb. "Səbail” öz meydanında keçirdiyi bütün oyunlarda məğlub olub. Topların nisbətində isə Ağdam komandası öndədir - 13:1.


Xatırladaq ki, turun ilk oyun günündə "Keşlə” səfərdə "Qəbələ”ni (4:0) məğlub edib. "Zirə” – "Sabah” matçında isə qalib müəyyənləşməyib - 1:1.

Xəbər lenti