Xəzər Xəbər

Riçard Almeyda: Çatışmayan cəhətimiz qol vura bilməmək idi

İdman | 11:18 • 14 Avqust 2019
Riçard Almeyda: Çatışmayan cəhətimiz qol vura bilməmək idi

Bu gün futbolda ani diqqətsizlik yarandıqda rəqib səni cəzalandırır. Biz imkanlardan istifadə edə bilsəydik, hər şey fərqli olardı. Amma bu, futboldur. Bundan sonra da ancaq irəli baxmalıyıq.


Xezerxeber.az xəbər verir ki, bu sözləri "Qarabağ” klubunun futbolçusu Riçard Almeyda UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bakıda Kiprin APOEL klubuna 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.


30 yaşlı yarımmüdafiəçi bildirib ki, ilk görüşdə (2:1) son dəqiqələrdə buraxılan qol ani diqqətsizlikdən olub: "Bizim qol epizodlarımız oldu. Sadəcə istifadə edə bilmədik. Rəqib isə yararlandı. Məğlub olmağı da bacarmaq lazımdır. Rəqibi təbrik edirəm”.


O, məyus olduqlarını bildirərək deyib: "Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirdik. Görüşdə çoxlu azarkeş var idi. Onlar bu gün çox möhtəşəm idi. Əlimizdə imkan var ki, UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edək. Çatışmayan cəhətimiz o idi ki, qol vura bilmədik. Ümid edirəm ki, "Neftçi” UEFA Avropa Liqasında qələbə qazanacaq və Azərbaycanı iki komanda qrup mərhələsində təmsil edəcək”.


Almeyda növbəti oyunlara hazırlığın psixoloji cəhətdən çətin olmayacağını vurğulayıb: "Bizim çox təcrübəli baş məşqçimiz var. O, vəziyyəti dəyişməyi bacarır. Heyətdə də təcrübəli oyunçular kifayət qədərdir. Ötən il BATE-yə uduzandan sonra da toparlandıq və qrup mərhələsinə düşdük. Bunun öhdəsindən gəlməliyik”.

Xəbər lenti