Xəzər Xəbər

Bu gün “Qəbələ” “Dinamo” ilə, “Neftçi” isə “Arsenal”la qarşılaşacaq

İdman | 11:10 • 25 İyul 2019
Bu gün “Qəbələ” “Dinamo” ilə, “Neftçi” isə “Arsenal”la qarşılaşacaq

Bu gün "Qəbələ” və "Neftçi” komandaları UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarını keçirəcəklər.


Xezerxeber.az xəbər verir ki, "Qəbələ” bu mövsüm qitəmiqyaslı turnirdə ilk matça çıxacaq. Rəqib isə Gürcüstanın "Dinamo” (Tbilisi) komandası olacaq. Qəbələ şəhər stadionundakı qarşılaşmanı şotlandiyalı referi Nikolas Uolş idarə edəcək.


Bu kollektivlər 4 ildən sonra yenidən üz-üzə gələcəklər. 2015-2016 mövsümündə keçirilmiş UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyularında "Qəbələ” Tbilisidə 1:2 hesabı ilə uduzsa da, evdə 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. Həmin mövsüm Azərbaycan təmsilçisi tarixində ilk dəfə qrup mərhələsinədək irəliləməyi bacarıb.


"Qəbələ” – "Dinamo” cütünün qalibi növbəti mərhələdə Hollandiyanın "Feyenoord” klubu ilə üz-üzə gələcək.


Digər təmsilçimiz "Neftçi” isə Rusiyada "Arsenal”ın qonağı olacaq. Tula şəhərindəki "Arsenal” mərkəzi stadionunda təşkil olunacaq qarşılaşmaya Enea Yorcinin rəhbərliyi altında albaniyalı hakimlər briqadası təyinat alıb. "Neftçi”nin ilk mərhələdə qalib gəldiyi Moldovanın "Sperantsa” klubu (3:0, 6:0) kimi, bugünkü rəqibi də avrokuboklarda debüt edəcək. Üstəlik, "Arsenal” ötən mövsüm Rusiya Premyer Liqasında 6-cı yeri tutub. Lakin bu komanda mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayır.


"Arsenal” – "Neftçi” cütünün qalibi UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda” komandası ilə qarşılaşacaq.


Qeyd edək ki, "Qəbələ” – "Dinamo” oyunu 19:00-da, "Arsenal” – "Neftçi” görüşü isə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər lenti