Xəzər Xəbər

Artur Taymazov 2012-ci il Olimpiya Oyunlarının qızıl medalından məhrum edilib

İdman | 15:21 • 24 İyul 2019
Artur Taymazov 2012-ci il Olimpiya Oyunlarının qızıl medalından məhrum edilib

120 kq çəki dərəcəsində sərbəst güləşçi Artur Taymazov 2012-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunlarında antidopinq qaydalarını pozduğuna görə, Olimpiadanın qızıl medalından məhrum edilib. Həmin Olimpiadada Özbəkistan komandasının heyətində çıxış etmiş Taymazovun dopinq probu nümunələrinin təkrar analizi zamanı anabolik stereoid turinabol maddəsi aşkar edilib.


AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Şimali Osetiyada doğulmuş Artur Taymazov hazırda VII çağırış Rusiya Dövlət Dumasının "Yedinaya Rossiya” Partiyasından deputatı və Dövlət Dumasının Bədən tərbiyəsi, idman, turizm və gənclərin işləri üzrə Komitəsi sədrinin müavinidir.


Beynəlxalq Olimpiya Komitəsinin press-relizində verilən məlumata görə, 120 kq çəki dərəcəsində sərbəst güləşçi Artur Taymazov 2012-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunlarında antidopinq qaydalarını pozduğuna görə, Olimpiadanın qızıl medalından məhrum edilib.


Güləşçi 2017-ci ildə eyni səbəbdən Pekin-2008 Olimpiadasının qızıl medalından məhrum olunub. O vaxt Taymazovun dopinq probunda turinabol və stanozolol maddələri aşkar edilmişdi. Beləliklə, deputatın medal kolleksiyasında 2004-cü il Afina Olimpiadasının qızıl medalı və 2000-ci il Sidney Olimpiadasının gümüş medalı qalacaq.


2012-ci il Olimpiya Oyunlarında 120 kq çəki dərəcəsində ikinci yeri gürcü Davit Modzmanaşvili tutub, bürünc medalları isə rusiyalı Bilal Maxov və iranlı Komeyl Qasemi alıblar. İndi həmin medallar yenidən bölüşdürüləcək.


Beynəlxalq Olimpiya Komitəsində bildiriblər ki, London Olimpiadasında çıxış etmiş idmançıların dopinq problarının təkrar yoxlanması 2020-ci ilə - iddia müddəti başa çatanadək davam etdiriləcək.


Bundan əvvəl Soçi-2014 Olimpiadasında sidiklə bağlı manipulyasiyalara görə keçmiş bobsleyçi Rusiya Dövlət Dumasının "Yedinaya Rossiya” Partiyasından deputatı Aleksey Voyevoda diskvalifikasiya edilib və Olimpiya mükafatlarından məhrum olunub.


Taymazov öz "Instagram” səhifəsində yazıb ki, bu ittihamları qəbul etmir və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarından hökmən şikayət edəcək.


Taymazov yazıb: "İttihamları qəbul etmirəm. BOK-un qərarını siyasi motivasiyalı və əsassız hesab edirəm. BOK-un daxili ekspertizalarının nəticələrini qəbul etmirəm, çünki bu ekspertiza prosedurunun özünü də qəbul etmirəm, o, şəffaf deyil. Bu qərarlardan şikayət edəcəyəm. BOK-un "ekspertlərinə”, həmçinin bu qərara görə sevinənlərə xatırlatmaq istəyirəm ki, əvvələn, mən həyatımda 3 dəfə Olimpiadaların fəxri kürsülərinin ən yüksək pilləsində dayanmışam və bununla bağlı bütün emosiyaları duymuşam. Bu hissləri başqa cür keçirmək mümkün deyil. İkincisi, klininq şirkətinin xadiməsi amerikalı 30 min idmançının dopinq problarını "təsadüfən” sındırandan sonra VADA-nın işini ciddi qəbul etmək mümkün deyil. Bu agentliyin fəaliyyəti, habelə onların "ekspertizalarına” əsaslanan qərarlar çoxdan hörmətini itirib”.

Xəbər lenti