Xəzər Xəbər

UEFA Çempionlar Liqasının finalı: Madrid Bakıdan çox şey öyrənməlidir

İdman | 17:05 • 2 İyun 2019
UEFA Çempionlar Liqasının finalı:

Son üç gündə futbolsevərlər iki böyük qarşılaşma izlədilər. Mayın 29-da Bakıda UEFA Avropa Liqasının, iyunun 1-də isə Madriddə Çempionlar Liqasının final qarşılaşmaları keçirildi. Bakı qitənin ən nüfuzlu iki klub turnirindən birinə ilk dəfə ev sahibliyi etməsinə baxmayaraq, yüksək təşkilatçılıq qabiliyyəti, azarkeşlər üçün yaradılan şərait, ən əsası isə təhlükəsizlik baxımından Madrid finalını açıq-aşkar geridə qoydu.


Bakı finalının izləmək üçün ölkəmizə gəlmiş əcnəbi azarkeşlər müsahibələrində final qarşılaşmasının yüksək səviyyədə təşkilindən, onlar üçün yaradılan şəraitdən, təşkil olunan müxtəlif mədəni proqramlardan məmnunluqla bəhs edirdilər. Lakin bunun fonunda UEFA Çempionlar Liqasının Madriddəki final qarşılaşması ilə əlaqədar azarkeşlər üçün ortaya çıxan çətinliklər, nəqliyyat problemi, biletlərin qiymətlərinin qara bazarda satılması, polisin sərt müdaxilələri barədə tanınmış idman nəşrlərində yer alan məqalələr, azarkeşlərin sosial şəbəkələrdəki paylaşımları Madridin mötəbər idman tədbirlərini təşkil etmək sahəsində Bakını örnək ala bilməsinin vacibliyini ortaya qoyur.


Madrid finalı ilə bağlı azarkeşlərin ən böyük narazılıqlardan biri bu mühüm qarşılaşmanın biletlərinin "qara bazar”da dəyərindən dəfələrlə yüksək qiymətə satılmasıdır. "Euronews”un xəbərində bildirilib ki, UEFA bir qrup şəxsin Çempionlar Liqasının final qarşılaşmasına bilet oğurlayaraq "qara bazar”da baha qiymətə satmaları barədə xəbərdarlıq edib. UEFA-nın rəsmi saytında qiymətlər 70-600 avro olduğu halda "qara bazar”da bu biletlər bir neçə min avroya satılıb. Madridin bələdiyyə polisi peşəkarlıqla hazırlanan saxta biletlər satan şəxsi saxlayıb. İspaniya paytaxtında saxta bilet satan şəxslərin bir neçəsi həbs edilib. Polisin məlumatında bildirilib ki, iki saxta bilet azarkeşlərə 8400 avroya satılıb.


CNN-in xəbərində final qarşılaşması ilə əlaqədar Madriddə azarkeşlər üçün ciddi problemlərin yaşandığı qeyd olunub. Biletlərin bahalığı, ingilis azarkeşlərin Madridə getmək üçün ciddi problemlərlə üzləşməsi, otellərdə yaşanan çətinliklər xüsusi vurğulanıb. Bildirilib ki, "qara bazar”da bir biletin qiyməti 10 min dollardan 31 min dollara qədər dəyişir. Bununla yanaşı, azarkeşlərin Madridə səfəri 12 saata qədər çəkir və ən azı 9 min dollar xərc tələb edir. Azarkeşlər baş verənlərdən ciddi şəkildə narazıdırlar.


CNN-in başqa bir xəbərində isə qeyd edilib ki, ingilis azarkeşlər Madriddəki final qarşılaşması gecəsi otellərin və hostellərin qiymətlərinin son dərəcə baha olmasından gileylənirlər. Vəziyyət o həddə çatıb ki, turistlərin bəziləri Madridə yaxın yerlərə gedərək orada ev kirayələyib və final gecəsi stadiona yollanıblar.


Madriddə ingilis azarkeşlərin ciddi etirazlarına səbəb olan başlıca məsələlərdən biri də nəqliyyat problemi və şəhərin küçələrində böyük tıxaclar olub. "Irish Mirror” qəzeti yazıb ki, "Liverpul” klubunun sahibi Con Henri, klubun əfsanələri Kenni Dalqliş və Yan Raş dəhşətli tıxacla əlaqədar avtomobillərini tərk edərək stadiona piyada getməli olublar. Stadiona gedən yollardakı dəhşətli tıxaca görə əsas avtomagistrallarda hərəkət dayanıb.


Bəzi azarkeşlər isə biletləri olmasına baxmayaraq, stadiona buraxılmayıblar. Polis onlara qarşı zor tətbiq edərək geri qaytarıb. İngilis azarkeşlərin sayda hava limanında gecikməyə görə yeddi saat gözləməli olub.


"Radio Galler”in aparıcısı Vinn Evansın başına isə daha dəhşətli hadisə gəlib. O, Çempionlar Liqasının finalına bilet almaq üçün pul ödəsə də, aldanıb. BBC yazır ki, aparıcı iki biletə 7 min funt sterlinq ödəyib. Aparıcı bu barədə belə deyib: "Biletləri onlayn qaydada aldıq, pulunu ödədik. Lakin daha sonra artıq biletlərin mövcud olmadığını dedilər. On dörd yaşlı oğlum çaşqınlıq içində idi. Mən pulu ödədikdən sonra agentlik sifarişi yerinə yetirə bilmədiklərini söylədi. Onlar mənim aldığım bileti daha baha qiymətə satmaq imkanı yarandığı üçün başqasına satdılar”. O, sonra daha çox pul ödəyərək iki bilet aldığını və əvvəl ödədiyi pulu geri ala bilməyəcəyindən narahat olduğunu bildirib.


Xəbərlərdə ingilis azarkeşlərin də şəhər sakinləri üçün ciddi problemlər yaratdığı qeyd olunub. Azarkeşlərin ictimai yerlərdə, küçələrdə şuluqluq saldıqları, qeyri-etik hərəkətlərə yol verdikləri, nəqliyyat vasitələrini zibilləndirdikləri təkcə asayiş qüvvələrinin deyil, sadə madridlilərin də ciddi narazılığına səbəb olub. Sadə vətəndaşlar sosial şəbəkələrdə belə halları əks etdirən görüntü və fotoşəkillər çəkərək ciddi etirazlarını bildiriblər.


"Tottenhem” klubunun azarkeşləri Madrid polisinin onları döydüyünü iddia ediblər. "Irısh Mirror” qəzetində yer alan xəbərdə belə deyilib. Qəzet yazır ki, qarşıdurma ispan polisinin barlardan birində 50-dək ingilis azarkeşinin zorakılıq əməllərinə cavab olaraq baş verib. Polis bara daxil olaraq "heç bir səbəb olmadan” ingilis azarkeşləri döyməyə başlayıb.


BBC-nin xəbərində qeyd olunub ki, Madrid polisi azarkeşlərə çağırış edərək özlərini turist kimi aparmalarını bildirib: "Başa düşürük, turistlər səs sala, sevinə, qışqıra bilərlər. Amma Madrid küçələrində dava-dalaşa yol verə bilmərik”. Xəbərdə, həmçinin bildirilib ki, tərəfdarların daha çox toplaşdıqları ərazilərə əlavə 1300 polis əməkdaşı cəlb olunub. BBC hətta dörd ingilis azarkeşin Madrid polisi tərəfindən saxlanıldığını bildirib.


Qeyd edilən bütün bu faktlar cəmi üç gün ərzində UEFA-nın iki final qarşılaşmasının keçirildiyi Bakı və Madrid şəhərlərində təşkilatçılıq qabiliyyətinin səviyyəsi ilə bağlı aydın təsəvvür yaradır. UEFA Avropa Liqasının final matçından əvvəl Bakının belə mötəbər qarşılaşmaya ev sahibliyi üçün guya uyğun şəhər olmadığını uydurmağa çalışan şəxslər yəqin ki, Madriddə baş verənlərdən sonra əllərini axtardıqlarında çətinliklə tapdıqları vicdanlarının üzərinə qoyacaqlar. Nə də olsa ən səmimi etirafları sadə azarkeşlər ediblər. Xüsusilə, sözlərimizi azarkeşlərdən birinin "Instagram”da yazdığı statusla bitirmək istərdik: "Bakı, bağışlayın ki, sizə güldük. Siz oyundakı görüntülər baxımından daha yaxşı idiniz”. (AZƏRTAC)

Xəbər lenti