Xəzər Xəbər

Karikari savaşı: "Neftçi" təzminatsız buraxmayacaq

İdman | 16:02 • 14 Yanvar 2019
Karikari savaşı:

"Neftçi"yə böyük ümidlərlə gətirilən Kvame Karikari etimadları doğrultmadı.

 

Sportal.az "albanianfreepress"ə istinadən xəbər verir ki, zəif performans göstərən hücumçu danışıqlar apardığı Albaniya təmsilçisi "Partizani"dən aylıq 10 min avro maaş tələb edib. Qanalı futbolçuya bu maaşı ödəmək istəməyən klub onu aylıq 7-8 min avro məvacibə razı salmaq istəyir. Albaniya təmsilçisi 26 yaşlı futbolçunu azad agent statusu ilə heyətinə qatmaq istəyir. "Neftçi" isə Karikarini pulsuz əldən buraxmayacağını diqqətə çatdırıb. Bu səbəbdən də "Partizani" bu transferdə ümidsizdir.

 

Karikariyə digər maraq Almaniyadan var. II Bundesliqada çıxış edən "Yunion Berlin" hücum xəttində rəqabəti artırmaq üçün Karikarini rənglərinə bağlamaq istədiyi futbolçular siyahısına əlavə edib. Berlin klubu "Makkabi"də (Netanya) çıxış edən israilli hücumçu Şoval Qozlanı da hədəfə alıb.

 

Qanalı hücumçu agentlər tərəfindən Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı klublarına da təklif edilib. Əgər danışıqlar müsbət baş tutsa, Karikari ərəb ölkələrinə getməyi üstün tutacaq. Çünki onun arzuladığı maaşı ərəb klubları ödəməyə hazır olacaq.

 

"Neftçi" Karikarini Antalya toplanışına aparmayıb. "Ağ-qaralar" Karikarini satmaqla yanaşı, icarəyə də verməyə razıdır. Lakin maaşının yarısını icarəyə götürən klub ödəməlidir. Belə ki, Kvame "Neftçi"də aylıq 12 min dollar məvacib alır.

 

Qeyd edək ki, "Neftçi"dən öncə "Əl Ərəbi”də (Qətər) oynayan Kvame Karikari Qananın "İnternational Ellies”, İsveçin AİK, "Deqerfors”, "Halmstad”, Türkiyənin "Balıkesirspor”, Norveçin "Hauqesund”, Ukraynanın "Stal”, Qətərin "Əl Marhiya” və Qananın gənclərdən ibarət milli komandasında çıxış edib.

Xəbər lenti