Xəzər Xəbər

İngiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi qarşılaşması keçirilib - NƏTİCƏLƏR

İdman | 09:09 • 14 Yanvar 2019
İngiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi qarşılaşması keçirilib -

Yanvarın 13-də İngiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi qarşılaşması keçirilib.


Xezerxeber.az xəbər verir ki, turun maraq doğuran matçı Londondakı "Uembli" stadionunda baş tutub. Son turlar inamlı oyun nümayiş etdirən "Mançester Yunayted" səfərdə "Tottenhem" klubunun qonağı olub. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın ilk dəqiqələrində hər iki komanda bir-birinin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıb. Qarşılaşmanın 30-cu dəqiqəsində londonluların əsas qol silahı sayılan Hari Keyn hesabı açsa da, yan xətt hakimi oyundankənar vəziyyətin olduğunu bildirib. Oyunun 42-ci dəqiqəsində "Tottenhem" komandasının müdafiəçisi Musa Sissoko zədə üzündən meydanı tərk edib. Onun yerinə isə meydançaya Erik Lamela daxil olub. Birinci hissənin son 10 dəqiqəsini əks hücumlarla quran "qırmızı şeytan"lar fasiləyə bir dəqiqə qalmış hesabı açıb. Pol Poqbanın ötürməsindən sonra Markus Reçford iti bucaq altından dəqiq zərbə endirib - 0:1. Fasiləyə komandalar "Mançester Yunayted"in minimal hesabla qələbəsi ilə yollanıblar.


Matçın ikinci hissəsində hər iki komanda hücuma üstünlük verib, ancaq buna baxmayaraq hesab dəyişməyib. Beləliklə, "Mançester Yunayted" yeni baş məşqçisi ilə ardıcıl beşinci qələbəsini qazanıb. Bu qələbədən sonra xallarının sayını 41-ə çatdıran "Mançester Yunayted" altıncı pillədə yerini möhkəmlədib, "Tottemhem" isə 48 xalla dördüncü yerdə qərarlaşıb.


Qeyd edək ki, İngiltərə Premyer Liqasında yanvarın 12-də baş tutan görüşdə "Çelsi" doğma azarkeşlər önündə "Nyukasl" komandasını qəbul edib. "Stenford Bric" stadionunda keçirilən görüşdə hesabı meydan sahibləri 9-cu dəqiqədə açıb. Londonluların mərkəz müdafiəçisi David Luizin ötürməsi nəticəsində qapıçı ilə təkbətək çıxan Pedro oyunda ilk qola imza atıb. Matçın 27-ci dəqiqəsində "Çelsi"nin əsas qol silahı sayılan Eden Hazardın uzaq məsafədən vurduğu zərbə qapı tirinə dəyib.


Qarşılaşmanın 40-cı dəqiqəsində meydan sahiblərini əks-hücumda yaxalayan qonaqlar hesabı bərabərləşdiriblər. Mat Ritçinin cinah ötürməsini Ciaran Klark dəqiq zərbə ilə tamamlayıb - 1:1.


Görüşün ikinci hissəsində hücumların sayını artıran "Çelsi" 57-ci dəqiqədə qələbə topunu vurmağa nail olub. Vilyam adını tabloya yazdırıb - 2:1. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.


Turnir cədvəlinin lideri "Liverpul" səfərdə "Brayton" komandasını 0:1 hesabı ilə məğlub edib. Komandaya qələbəni misirli futbolçu Məhəmməd Salahın 50-ci dəqiqədə penalti zərbəsindən vurduğu qol qazandırıb.


Turun gözlənilməz hesabı isə London stadionunda qeydə alınıb. Premyer Liqanın iddialı klublarından sayılan "Arsenal" səfərdə "Vest Ham" komandasına məğlub olub (1:0).


Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:


"Börnli" - "Fulhem" - 2:1;


"Kardif Siti" - "Haddersfild" - 0:0;


"Kristal Palas" - "Votford" - 1:2;


"Lester Siti" - "Southempton" - 1:2;


"Everton" - "Bormunt" - 2:0.


Qeyd edək ki, tura yanvarın 15-də "Mançester Siti"-"Volverhempton" oyunları ilə yekun vurulacaq.


Hazırda 22 oyundan 57 xal toplayan "Liverpul" turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Onun ən yaxın izləyicisi "Mançester Siti"nin isə 21 oyundan sonra 50 xalı var.

Xəbər lenti