Xəzər Xəbər

FIDE-nin fəxri vitse-prezidenti təyin edilib

İdman | 18:29 • 10 Dekabr 2018
FIDE-nin fəxri vitse-prezidenti təyin edilib

Macar şahmatçısı Yudit Polqar Beynəlxalq Şahmat Federasiyasının (FIDE) fəxri vitse-prezidenti təyin edilib.


Xezerxeber.az FIDE-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, Polqar FIDE-də əsas fəaliyyətini dünyada şahmatın inkişafı, o cümlədən məktəblərdə şahmatın təbliği, bu oyunun populyarlaşdırılması və turnirlərin təşkili səviyyəsinin artırılması məsələləri üzərində cəmləşdirəcək.


FIDE-nin prezidenti Arkadi Dvorkoviç deyib: "Polqarı bizim komandada salamlamağa çox şadam. Onun böyük idman təcrübəsi var. O, aparıcı oyunçu, sonra isə beynəlxalq tədbirlərin təşkilatçısı olub. Polqarın təşəbbüskarlığı şahmatın təbliğində çox böyük rol oynayıb. Dünya şahmat ictimaiyyəti Yuditi yüksək qiymətləndirir və əminəm ki, o, FIDE-nin gələcək işində mühüm rol oynayacaq”.


42 yaşlı Polqar bu xəbərlə bağlı bəyanatında deyib: "Şahmatın dünyada populyarlaşdırılması üçün Dvorkoviç və onun komandası ilə birgə işə başlamağımı səbirsizliklə gözləyirəm. Mən əminəm ki, FIDE bizim peşəkar idmançıları və təşkilatçıları, habelə milyonlarla şahmat həvəskarını dəstəkləyən daha çevik təşkilata çevriləcək. Mənim əsas məqsədim şahmatçıların cinsi, sosial və yaş əlamətlərinə görə bərabər imkanlarının təmin edilməsi üçün daha çox iş görmək, qeyri-rəsmi təhsildə şahmatın təsirini artırmaq, yeni istedadları tapmaq və yetişdirməkdir. XIX əsrdə şahmat özünün xüsusi yerini təsdiqləməli, yeni platformalar qazanmalı, yeni auditoriyanı əhatə etməlidir”.


15 yaşında ikən qrossmeyster adı almış Polqar həmin dövrdə bu titulun ən gənc sahibi olub. FIDE-nin kişilər üçün reytinqində Polqarın ən yüksək nəticəsi (2735 xal) 2005-ci ildə qeydə alınıb: o vaxt Polqar reytinq cədvəlində səkkizinci olub.


FIDE-nin bu il oktyabrın 3-də Batumidə keçirilən konqresində Dvorkoviç bu təşkilatın yeni rəhbəri seçilib. Onun komandasına Naycel Şort, Viorel Boloqan və Emil Sutovski kimi məşhur qrossmeysterlər və şahmat təşkilatçılar daxildir.

Xəbər lenti